Musa Qurbanlı: "İnanıram ki, Estoniya ilə matçda yaxşı oyun göstərəcəyik"

"İnanıram ki, yaxşı oyun göstərəcəyik".

Sportline.az xəbər verir ki, bunu Qəbələdə keçirilən mətbuat konfransında Azərbaycan millisinin üzvü Musa Qurbanlı deyib.

22 yaşlı hücumçu UEFA Millətlər Liqasında sabah Estoniya ilə keçiriləcək oyuna qələbə üçün çıxacaqlarını bildirib:

"Artıq 5 gündür ki, Qəbələdəyik. Hər gün məşqlərimiz olur. Estoniya ilə qarşılaşma bizim üçün çox vacibdir. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Komandada əhval-ruhiyyə yaxşıdır. Məqsədimiz sabahkı oyunda qələbə qazanmaqdır. Açığı, rəqibin heyətində hansı futbolçuların yer alması mənim üçün o qədər də maraqlı deyil, öz oyunumuza fikir verməliyik".

M.Qurbanlı cari mövsümdə qol hesabını aça bilməməsi barədə sualı cavablandırıb:

"Mövsümün əvvəlində zədə səbəbindən əməliyyat olundum. Oynamağa yeni başlamışam. Çalışıram ki, əvvəlki formamı bərpa edim. Bunu edəndən sonra hər şey yaxşı olacaq".

O, karyerasının İsveçdə istənilən kimi alınmamasına belə reaksiya verib:

"Avropaya gedərkən məndən gözləntilər böyük idi. Amma təəssüf ki, karyeram İsveçdə istədiyim kimi alınmadı. Təbii ki, bunun mənə mənfi təsiri oldu. Halbuki gənc azərbaycanlı futbolçu olaraq özümün də gözləntilərim yüksək idi. Amma bu çətinliklər artıq arxada qalıb. Fikrimcə, çətinliklər olmasa, böyük nailiyyətlər də olmaz. Bundan yaxşı mənada dərs çıxarmalıyam. Hələ 22 yaşım var və karyeram qarşıdadır".

Gənc forvard Fernandu Santuşun millidəki fəaliyyətinə toxunub:

"Hər məşqçinin öz oyun fəlsəfəsi var. Fernandu Santuş böyük məşqçisir, nəticələri də göz qabağındadır. Hər bir futbolçu milli komandaya can atır, mən də həmçinin. Bu mənim onun rəhbərliyi altında ilk təlim-məşq toplanışımdır. Biz futbolçular ilk öncə onun oyun fəlsəfəsini mənimsəməli, buna uyğunlaşmalı və meydanda tətbiq etməliyik. Bunu bacaracağımız təqdirdə, inşallah, nəticələr yaxşı olacaq".

Qeyd edək ki, Azərbaycan milli komandası C Liqasının I qrupunda sabah Qəbələ şəhər stadionunda Estoniya yığması ilə qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq.