"Neftçi"nin rəqibi keçmiş futbolçusunu transfer etdi

"Neftçi"nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Gürcüstanın "Dinamo" (Tbilisi) komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tbilisi təmsilçisi sabiq yarımmüdafiəçisi Nodar Kavtaradzeni transfer edib.

Son klubu Macarıstan "Mezyököveşd"i olan 28 yaşlı oyunçu ilə 2,5 illik müqavilə imzalanıb.

Kavtaradze daha əvvəl 2017 və 2019-cu illərdə də paytaxt təmsilçisinin formasını geyinib.

Qeyd edək ki, "Dinamo" və "Neftçi" arasında ilk oyun iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Cavab matçı isə iyulun 14-də “Bakcell Arena”da keçiriləcək.