Niderland komandasının səyləri nəticəsiz qaldı

Niderland Futbol Federasiyası AZ klubunun vaxtından əvvəl başa çatdırılan Erediviziyanın nəticələrinin dəyişdirilməsi ilə bağlı müraciətinə baxıb.

Sportline.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, komandanın müraciəti təmin olunmayıb, turnir cədvəlindəki sıralama olduğu kimi saxlanılıb.

Alkmar klubunun məsələ ilə bağlı UEFA-ya da məktub ünvanladığı vurğulanıb.

Qeyd edək ki, AZ koronavirus pandemiyası səbəbindən ləğv olunan 2019/2020 mövsümünü 56 xalla 2-ci sırada başa vurub və mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Alkmar təmsilçisi ilə eyni xala malik, yalnız qolların fərqinə görə rəqibini qabaqlayan lider "Ayaks" isə Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanıb. Bununla razılaşmayan AZ rəhbərliyi hesab edir ki, cari mövsüm keçirilən şəxsi görüşlərin hər ikisində Amsterdam klubuna qalib gəldikləri üçün ÇL-ə birinci yerin sahibi kimi məhz onlar getməlidirlər.