Olimpiadada daha bir medal

Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir. SportLine.az xəbər verir ki, növbəti yarış günü də Azərbaycan komandası üçün uğurlu alınıb.

Ağırlıqqaldıran Tarmenxan Babayev gümüş medal qazanıb. 85 kq çəki dərəcəsində yer alan 16 yaşlı atlet birdən 142 kq, təkanla 174 kq ağırlıq qaldırıb. Nəticədə o, iki hərəkətin cəmində 316 kq nəticə göstərib və yalnız italiyalı Kristiano Cüzeppe Fiççodan 9 kq geri qalıb. Babayev həm birdən, həm də təkanla qaldırmada da ikinci yeri tutub. Bürünc medalı isə 299 kq (130 kq + 169 kq) ümumi nəticə ilə Səudiyyə Ərəbistanı təmsilçisi Ali Yusef Alotman əldə edib. 

Bu, Azərbaycanın aktivinə yazılan üçüncü medal olub. Daha əvvəl cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc medal qazanıb.