Olimpiadaya növbəti lisenziya qazanıldı

Bədii gimnastımız Darya Farşbavşəhriyari bu il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Sportline.az xəbər verir ki, Farşbavşəhriyari bu uğura Rusiya paytaxtında keçirilən Moskva Qran Prisində nail olub. O, hərəkətlərin cəmində 53,50 balla 14-cü yeri tutub. Yeniyetmə gimnast halqa ilə 14.500 bal, topla 13.350 bal, gürzlərlə 14.300 bal, lentlə isə 11.350 bal toplayıb. Bu nəticə isə lisenziya üçün yetərli olub.

Nəticədə Farşbavşəhriyari Azərbaycanı tarixdə ilk dəfə yeniyetmələr olimpiadasında təmsil edəcək bədii gimnast olub.

Qeyd edək ki, daha öncə III Yay Olimpiya Oyunlarında stolüstü tennisçi Ninq Jinq və üzgüçü Fatimə Alkərəmova da iştirak hüququna yiyələnib. Yeniyetmələr olimpiadası bu il oktyabrın 6-dan 18-dək keçiriləcək.