Olimpiya mükafatçılarımız seçmə komandadan kənarda qaldı
Noyabrın 24-də start götürəcək güləş üzrə "Qızıl Qran Pri" turnirinin final mərhələsinə Şərif Şərifov, Toğrul Əsgərov, Hacı Əliyev, Cəmaləddin Məhəmmədov kimi aparıcı sərbəst güləşçilər qatılmayacaq. Bunu SportLine.az saytına sərbəst güləş üzrə seçmə komandanın baş məşqçi əvəzi Firdovsi Umudov bildirib. O, hər olimpiadadan sonraya təsadüf edən enişin Azərbaycan güləşçilərindən də yan keçmədiyini deyib: "Şərifov, Əsgərov, Əliyev və Məhəmmədovun Qran Pridə olmaması bizim üçün böyük sınaqdır. Gənclərlə də bu barədə söhbət etmişəm. Onlara gələcəkdə yığmada öz yerini möhkəmləndirmək üçün şans verilir. Artıq 2017-ci ilin hazırlıq planını federasiyaya təqdim etmişəm, yarışlarımız çoxdur. Toğrulun olimpiadadan sonra zədəsi vardı və onu bərpa edir. Hazırda fizioterapiyadadır, həkim nəzarəti altında hazırlaşır. Olimpiya, dünya çempionlarına süçmə komandanın qapısı açıqdır. Ancaq ilk növbədə, nizam-intizam olmalıdır. Hər kəs buna əməl etməlidir. Çempion olmusan, bu, oldu-keçdi. Artıq gələcəyi fikirləşmək lazımdır. Nəticə qazanmaq üçün mütləq intizam lazımdır".