Olimpiya ümidlərimiz: Maksim Şemberev

Azərbaycan idmanı üçün yeni sınaq mərhələsi başlanıb. Hədəf  Tokio-2020 Yay Olimpiya Oyunlarıdır.

4 illiyin ən mötəbər yarışına aparan yola təbii ki, olimpiya lisenziyaları işıq salır. İdmançılarımız bu tapşırığı yerinə yetirməkdədirlər. Tokio sınaqlarına vəsiqə qazanan təmsilçilərimizdən biri də üzgüçü Maksim Şemberevdir.

Təcrübəli idmançı Sportline.az saytına müsahibəsində, üzgüçülüyə olan sevgisi, qazandığı uğurlar və olimpiya hədəflərindən söz açıb:

Üzgüçülüyü digər növlərdən fərqləndirən əsas cəhətlər hansılardır və sizin üçün bu növün üstünlüyü nədədir?

Üzgüçülüyün digər növlərdən əsas üstünlüyü, əzələləri və nəfəs sistemini daha yaxşı inkişaf etdirməsidir.  Eyni zamanda, bu idman növündə zədələrin nisbətən az olmasını da vurğulamaq istərdim.

İdmanı seçməyim təsadüfi deyil. Atam velosipedçi, babam isə üzgüçü olub. Məhs onlar mənim gələcəyimə inanıb, bu sahəyə yönəldiblər. Buna görə onlara minnətdaram. Həyatımı idmansız təsəvvür eləyə bilmirəm. Demək olar ki, bütün gün ərzində idmanla məşğul oluram. Hətta istirahət günlərində də, hovuz məni özünə çəkir.

Ən yadda qalan yarışınız hansı olub?

Ən yadda qalan yarışlarımdan, yüeniyetmələrin dünya çempionatını qeydə edə bilərəm. Həmin yarışda baş mükafata layiq görülmüşdüm. Həmçinin qalibi olduğum dünya kubokunun mərhələ yarışını da xatırlamağa dəyər.

Tokio olimpiadasına lisenziya qazandığım yarış da mənim üçün əhəmiyyətlidir. Söhbət 2019-ci ildə, Koreyada keçirilən dünya çempionatından gedir. Həmin yarışda 6-cı yeri tutmaqla lisenziyaya layiq görüldüm.

Olimpiya oyunları sizin üçün nə deməkdir? Tokioda əsas hədəfiniz nə olacaq?

Olimpiya oyunları hər bir idmançının həyatında ən vacib yarışdır. 4 illiyin zirvə mücadiləsinə hamı yüksək səviyyədə hazırlaşır. Ona görə də olimpiadada medal qazanmaq heç də asan vəzifə sayılmır. Bununla belə, Tokioda fəxri kürsüyə qalxmaq arzusundayam. Bunun üçün, əlimizdən gələni əsirgəmirik. Ümid edirəm ki, gərgin məşqlər öz bəhrəsini verəcək.