"Onlar məğlubiyyətlə barışmaq istəmirdilər" - Joze Alesio
“Komandam oyuna yaxşı hazırlaşmışdı. Fransa ilə oyunun bizim üçün final matçına bərabər olduğunu hamımız anlayırdıq”.
SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio Avropa çempionatının final mərhələsinin Fransaya qalib gəldikləri qrup oyunundan (5:3) sonra deyib.
Braziliyalı mütəxəssis qələbə qazanaraq 1/4 finala yüksəldikləri oyunu belə şərh edib: “Matç ərzində müəyyən gərgin anlar oldu. Hətta hesabda geriyə də düşdük. Ancaq oyunçularım tez bir zamanda toparlanmağı və oyun intizamını qorumağı bacardılar. Onlar məşq zamanı dediklərimi tətbiq etdilər. Ardıcıl 2 qol vurduq və hesabı lehimizə dəyişdikdən sonra psixoloji üstünlüyə də sahib olduq. Fransa millisi sona qədər mübarizə apardı. Onlar məğlubiyyətlə barışmaq istəmirdilər. İspaniya ilə oyunda qazandıqları 1 xal onlarda inam yaratmışdı. Təzyiq altında meydana çıxsaq da, vacib qələbə qazandıq.
Bizi qrupda İspaniya ilə matç gözləyir. 1/4 finala vəsiqəni təmin etməyimizə baxmayaraq, qələbə qazanmaq üçün mübarizə aparacağıq. Çünki qrup mərhələsini birinci pillədə başa vurmaq şansımız var. Təbii ki, ispanlar da mübarizəni davam etdirmək üçün qələbə qazanmağa çalışacaqlar”.