“Onlardan qat-qat zəifik” – Elxan Abdullayev
“Rəqibi ilk qələbə münasibətilə təbrik edirəm. O ki qaldı oyunumuza, birinci hissəni yaxşı keçirdik. Amma futbolda vurmayan komandaya qol vururlar”. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.
Topaz Premyer Liqasının XIV turunda AZAL-ı qəbul edən “ağ-qaralar” 0:1 hesablı məğlubiyyətlə üzləşiblər.
Matçdan sonra mətbuat konfransı keçirən Abdullayev bunları deyib: “Çoxlu epizodlardan istifadə edə bilmədik. Yekunda da uduzduq”.
- Edson Kastilyanın çıxışından razısızmı?
- Onun “Neftçi” ilə 2 illik müqaviləsi var. Üstəlik, 21 yaşı var. Pis futbolçu deyil, qabında nəsə var.
- Tərlan Əhmədovun “Neftçi”yə qarşı xüsusi hazırlaşdığını hiss etdinizmi?
- Mən oyun ərzində ona baxmırdım axı. Bu sualı Tərlan müəllimə versəniz, yaxşı olar.
- AZAL-dakı futbolçular sizdə olsaydı, bu “Neftçi”yə qalib gələ bilərdizmi?
- Bir oyunla nəsə demək olmur. Keçən tur biz “Zirə”yə qalib gəldik. Amma bu o demək deyil ki, biz onlardan güclüyük. Onlardan qat-qat zəifik. Hər şey büdcə ilə bağlı deyil.
- Qarşıdan qış toplanışı gəlir. Planlarınız nədən ibarətdi?
- Ayın 4-dən 21-nə qədər Antalyada olacağıq. Orda 5 oyun keçirəcəyik. İlk görüşümüz ayın 8-də “Sivasspor”a qarşı olacaq. Sonrakı oyunları 12, 16 və 19 dekabra planlaşdırmışıq. 19-da 2 oyun keçirmək istəyirik.