Pekində koronalı idmançıların sayı artır
Qış Olimpiya Oyunlarının başlamasına az qalmış idmançılar və texniki komandalar Çinin paytaxtı Pekinə getdiyi üçün idmançılar arasında aşkar edilən COVID-19 hallarının sayında artım müşahidə olunur.
Sportline.az xəbər verir ki, ölkəyə gələn idmançılardan 19-nun koronavirusa yoluxduğu açıqlanıb.
İndiyədək Olimpiya Oyunları komandalarından 36 nəfərdə koronavirus aşkarlanıb. Bu şəxslərin 29-nun Pekinə daxil olarkən hava limanında aparılan sınaqlarla müəyyən edildiyi bildirilib.
Oyunların Tibbi Nümayəndəsi Brayan Maklosk gələn komandaların sayının artması ilə aşkarlanan hadisələrin sayının artmağa başladığına diqqət çəkib. Bildirilir ki, təşkilatçılar çox həssas davranırlar və müəyyən edilən şəxslər heç kimlə əlaqə saxlamadan karantinə alınır.
Bildirilib ki, indiyədək aşkarlanan hallar arasında idmançılar, texniki komitələr, sponsor şirkət rəsmiləri və jurnalistlər də var.
Ölkəyə gedən idmançılar üzərində müntəzəm PCR testlərinin aparılması davam edir. RİA Xəbər Agentliyinə danışan Rusiya Buzüstü Xokkey Komandasının oyunçusu Anton Slepışev PCR testindən keçmək üçün hər səhər tezdən durmalı olduqlarını və indi gündəlik testin diş fırçalamaq kimi rutinə çevrildiyini bildirib.
Çinin paytaxtı Pekində keçiriləcək Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək.