Pivələr müsəlmanlara görə yığışdırılacaq

UEFA müsəlman oyunçuların tələbi ilə AVRO-2020-nin mətbuat konfranslarında pivə şüşələrini masalardan yığışdırmağa başlayacaq.

Sportline.az xəbər verir ki, bu barədə “Barron's” nəşri yazıb.

"Müsəlman futbolçulardan pivənin olduğuna razı olub-olmadıqlarını soruşacağıq", - UEFA sözçüsü deyib. AVRO-2020-nin əsas sponsorlarından olan “Heineken” pivə şirkətinin nümayəndəsi bu yanaşma ilə razılaşıb.

Qeyd edək ki, bundan əvvəl Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu Macarıstan millisi ilə qarşılaşmadan (3:1) sonra AVRO-2020-nin mətbuat konfransında masanın üzərindəki "Coca-Cola" içkilərini kənara çəkib. Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqba Almaniya ilə oyunundan (1-0) sonra təşkil edilən mətbuat konfransında masadakı pivə şüşəsini götürüb. Bundan sonra UEFA rəhbərliyi mətbuat konfransları zamanı sponsorların içkilərinin masadan götürməyi qadağan edib.