Polad Həşimovun xatirəsinə həsr olunan Azərbaycan birinciliyi keçirilir

Bu gün şəhid general – mayor Polad Həşimovun xatirəsinə həsr olunan Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib. Sportline.az xəbər verir ki, Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən yarışın açılış mərasimində iştirakçıları salamlayan Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova və Xaçmaz rayon gənclər və idman idarəsinin rəisi Elman Məmmədov onlara uğurlar arzulayıb. Ardınca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

2010-cu il təvəllüdlü və daha az yaşlı idmançıların şəxsi xarakter daşıyan ölkə birinciliyində  Bakı, Sumqayıt, Şabran, Quba, Gədəbəy, Salyan, Zərdab və digər şəhər və rayonları təmsil edən stolüstü tennisçilər qələbə uğrunda mübarizə aparırlar.

İyulun 29-da yekunlaşacaq yarışda ilk 3 yeri tutan idmançılar gənclər və idman nazirliyinin diplomları və ASTF-nin qiymətli hədiyyələri ilə mükafatlandrılacaqlar.

Qeyd edək ki, birinciliyin keçirilməsində əsas məqsəd, şəhid general-mayor Polad Həşimovun xatirəsini yad etməklə yanaşı, stolüstü tennisin bölgələrdə təbliği, bu idman növünün kütləviliyinin artırlıması, perspektivli idmançıların üzə çıxarılması və seçmə komandanın heyətinin müəyyənləşdirilməsidir.