Polisə xəsarət yetirən azarkeşə həbs qərarı

Rumıniyada "Universitatya Kluj" futbol komandasının azarkeşi Vidreyan Trayan 7,5 il həbs cəzasına məhkum edilib. 

Sportline.az "Reuters"ə istinadən xəbər verir ki, rumıniyalı fanat polisi öldürməyə cəhd etdiyi üçün bu cəza ilə üzləşib. 

Hadisə 2019-cu ilin iyununda əsas liqaya vəsiqə uğrunda "Hermannştadt" ilə matçda baş verib. Qarşılaşma "Universitatya Kluj"un 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komanda cavab görüşündə 1:0 hesablı qələbə qazansa da, II liqada qalıb. 

Matçdan sonra "Universitatya Kluj"un azarkeşləri ilə polis arasında toqquşma baş verib. İğtişaşlar zamanı Vidreyan Trayan oturacaqla polisin başına vurub. Xəsarət nəticəsində polisin başından qan açılıb və o, huşunu itirib. Həbsdən əlavə azarkeşə 18 min avro cərimə tətbiq olunub. Onun məhkəmənin qərarı ilə bağlı şikayət vermək hüququ var.