“Portuqaliya millisi meydanda “mən” yox, “biz” olmalıdır”

Portuqaliya millisinin futbolçusu Ruben Diaş Avro-2020-dən gözləntilərini bölüşüb.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi turnirin qrup mərhələsinin ilk turunda Macarıstanla oyun öncəsi deyib:

“Bizi Avro-2016-da qələbəyə aparan qaydalara riayət etməyimiz vacibdir. Bu, hər görüşə ağılla yanaşmaq və komanda oyunu oynamaq deməkdir. Yəni meydanda “mən” yox, yalnız “biz” olmalıyıq. Başqa yol yoxdur. Bu, 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatında və digər turnirlərdə də belə idi. Yarışda  mümkün olan yeganə yanaşma budur".

R.Diaş Portuqaliya millisinin qələbəsini birdən-birə yüksəliş və ya təsadüf adlandırmayıb:  "Hər şey uzun illərin işinin və seçilən istedadlı kadrların nəticəsi idi. Sonra komanda oyunu ilə uğur qazandıq. İstedadlı futbolçular yaxşıdır, amma heç kim nəyisə tək əldə edilmir. Bu komandanın uğur qazanmağının digər bir səbəbinin də oyun tərzimiz olduğuna inanıram. Xüsusilə böyük turnirlərdə komandanın maraqları hər şeydən üstün tutulduğu və hamının ortaq bir məqsəd üçün çalışdığı zaman nəticə yaxşı olur”. 

Qeyd edək ki, Portuqaliya millisi bu gün Macarıstanla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.