PSJ "Mançester Siti"yə, "Real" "Volfsburq"a qarşı
Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində daha iki oyun keçiriləcək.
SportLine.az xəbər verir ki, gecənin Almaniyada keçiriləcək oyununda “Volfsburq” “Real”ı qəbul edəcək. Tarixində ilk dəfə 1/4 finaladək irəliləyən “canavarlar” uğurun davamını gətirmək niyyətindədirlər. “Roma” səddini asan adlayan Madrid təmsilçisi isə favorit statusunu təstiqləmək arzusundadır.
Oyundan əvvəl keçirilən mətbuat konfransında “Kral klubu”nun çalışdırıcısı Zinəddin Zidan iddialı danışıb:
“Komandada əhval-ruhiyyə əladır. “Barselona” üzərindəki qələbəni unudub yalnız “Volfsburq”la görüşə köklənmişik. Çempionlar Liqasında bütün oyunlar çətin olur. Həmişəki kimi yeganə məqsədimiz çempionluqdur. Bunun üçün ilk növbədə Almaniyada sərfəli nəticə qazanmaq tələb olunur”.
“Volfsburq”un çalışdırıcısı Diter Hekinq isə, “Tarix yazmaq üçün gözəl imkanımız var. Çempionlar Liqasında 1/4 finaladək irəliləmişik. Bunun ardını gətirməyə qadirik. “Real”la görüş klub tarixinin ən vacib oyunlarından biri olacaq”.
Gecənin digər qarşılaşması Parisdə keçiriləcək. “Çelsi” səddini adlayan PSJ bu dəfə digər ingilis klubu “Mançester Siti” ilə münasibətlərə aydınlıq gətirəcək.
Paytaxt klubunun çalışdırıcı Loran Blan rəqib haqda ehtiyatlı danışıb:
“Azarkeşlərimiz “Bavariya” və “Barselona” ilə düşmədiyimiz üçün sevinirdilər. Lakin “Mançester Siti” heç də həmin klublardan zəif deyil. Ümumiyyətlə, 1/4 finalda zəif rəqib yoxdur. Bizi iki çətin oyun gözləyir. Məqsədimiz, mərhələni adlamaqdır”.
Manuel Pelleqrini isə hər iki komandanın şanslarını bərabər qiymətləndirib: “Bu cütlükdə aşkar favorit yoxdur. Hər iki komanda ilbəil daha da güclənir. Kimin hazırda daha güclü olduğunu isə qarşıdakı oyunlar göstərəcək”.
Qeyd edək ki, hər iki matçın start fiti Bakı vaxtı ilə 22:45-də səslənəcək.