Qara Qarayev: "Məncə o günlər çox uzaqda deyil"
Təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvasını itirmiş, məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalmış həmvətənlərimiz arasında, bütün mərhumiyyətlərə rəğmən, istedad və bacarığını üzə çıxarmağa, cəmiyyətdə öz yerini tutmağa nail olanlar da çoxdur. Ağdamın “Qarabağ” futbol klubunun müdafiəçisi, yığma komandanın üzvü Qara Qarayev də onlardan biridir. Əslən Füzuli rayonundan olan 27 yaşlı futbolçu karyerası ərzində 3 dəfə Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun çempionu olub. İndiyədək kütləvi informasiya vasitələrində daha çox idman həyatı işıqlandırılan gənc futbolçu məcburi köçkünlük məsələsi ilə bağlı sualları cavablandırıb.
- Dünyaya gəlişinizdən on ay sonra işğal olunmuş Füzuli rayonu ilə bu gün Sizi birləşdirən hansı dəyərlər var?.. Ata-baba yurdunuz haqqında valideynlərinizdən, qohum-əqrabanızdan eşitdiklərinizdən nələri yaddaşınızda hələ də saxlayırsınız?
- Doğru vurğulayırsınız ki, hələ mənim bir yaşım olmamış doğulduğum torpağı - Füzuli rayonunu tərk etmək məcburiyyətində qaldıq. Ailəmizin köçkünlük həyatı başladı. Öz doğma yurduma uzun müddətdir gedə bilmirəm, doğulduğum yerlərdə ola bilmirəm. Müsahibələrimin birində də demişdim ki, qarabağlı olub öz torpaqlarını tərk etmiş insanların hissləri daha fərqli, daha acılı olur. Mənim doğulduğum yerlər mənim təsəvvürümdə daha gözəldir. Ailəmiz, qohumlarımız mənə çaylardan, dağlardan, təpələrdən, hər şeydən danışırlar və mən də çalışdığım qədər yadımda saxlayıram. Mən ümidliyəm, Allah o hissi yaşamağı, doğulduğumuz torpaqlara qayıtmağı yenidən bizlərə nəsib edəcək. Məncə, o günlər çox uzaqda deyil.
- Ailənizin köçkünlük həyatı ilə bağlı hansı təəssüratlarınız var? Köçkün kimi harada məskunlaşmısınız, hansı orta məktəbdə oxumusunuz?..
- Köçkünlük həyatı mənə unudulmayacaq bir ad verdi. Bu ad hələ də mənimlədir və inşallah ki, bu addan tezliklə qurtularıq. Rayonumuzun işğalından sonra ailəmiz əvvəlcə Beyləqanda məskunlaşıb. Orada bir müddət yaşadıqdan sonra Bakıya köçmüşük. Yasamal rayonunda müvəqqəti məskunlaşmışıq... Atamın dediyinə görə, Füzuli rayonundakı evimizdən heç bir şey çıxarmaq mümkün olmayıb.
- Uşaqlığınızın keçdiyi, məhəllə futbolu oynadığınız yerlərə yolunuz düşürmü? İdmanda qazandığınız uğurlarda kimlərin rolu var?
- Uşaqlığım demək olar ki, Yasamalda keçib. Azərbaycan İnşaat Mühəndisləri, Universitetinin yataqxanasında məskunlaşmışdıq. Binanın həyətində asfalt döşəməli böyük bir futbol meydançası vardı. Bu, belə deyim, hər daşı, hər künc-bucağı mənim üçün doğma olan stadiondur. Ən xoş xatirələrim var, o stadionla bağlı... Bəzən ora yolum düşürdü, hətta uşaqlara qoşulub oynayırdım da... Amma uzun müddətdir ki, gedə bilmirəm. Professional karyeramda qrafikin sıxlığı imkan vermir.
İdmanda qazandığım uğurlara görə minnətdar olduğum və hər zaman da minnətdar olacağım bir şəxs var. Futbol oynamağa başladığım dönəmdə hər zaman şükürlər etmişəm ki, onun kimi gözəl insanla, müəllimlə tanış olmuşam. Məni doğru-düzgün idmana yanaşmağı öyrədən ilk məşqçim Elnur Zeynalovu nəzərdə tuturam. Mənim futbola bağlanmağımda və uğur qazanmağımda onun böyük zəhməti olub.
“Qarabağ”da oynamağa başladıqdan sonra qazandığım bütün böyük uğurların tək memarı isə hal-hazırki məşqiçim Qurban Qurbanovdur. 2009-cu ildən bu yana mənə inanıb, mənə şans verib, mənə daha çox diqqət göstərməyə çalışıb. Futbol karyeramda mənim üçün uğurlu bu iki amil olub ki, həqiqətən də bir-birindən yaxşı iki məşqçi ilə işləmişəm. Düşünürəm ki, idmanda qazandığım bütün uğurlara görə bu iki məşqçiyə borcluyam.
- Köçkün məktəblərində görüşləriniz olurmu? Məcburi köçkün uşaqlara, yeniyetmələrə nələri tövsiyə edərdiniz?
- Uzun müddətdir ki, məcburi köçkün məktəblərində görüşlərimiz olmur. Adətən, klubumuzda belə görüşlər olduqda bizə xəbər verilir, biz də məmnuniyyətlə gedirik. Ümid edirəm ki, belə görüşlər olsa, bizim üçün də xoş təəssüratlar bağışlayacaq. Yeniyetmələrə məsləhətim odur ki, idmanda uğur qazanmaq üçün çalışmaq lazımdır. İdmanda uğur qazanmaq üçün savad önəmli rol oynayır. Bütün idman növlərində bu belədir. Uğur qazanmaq üçün gərək daha çox çalışasan, əziyyətə qatlaşasan. Düşünürəm ki, uşaqlar idmanla məşğul olanda gələcəkdə ölkəmizi, bayrağımızı təbliğ etməyin önəmini dərk edirlər. Məncə, uşaqlar çox çalışarlarsa, istədikləri nəticəyə, uğura çata bilərlər.
- Yəqin ki, Sizin də ailəniz məcburi köçkünlər üçün dövlətin müəyyənləşdirdiyi güzəşt və imtiyazlardan istifadə edir. İndi tanınmış və təminatlı idmançı olduğunuz bir vaxtda ailənizin sosial-maddi vəzyyətinin yaxşılaşmasına köməyiniz varmı?
- Sözsüz ki, Füzulinin işğalından sonra Bakıda məskunlaşdığımız illərdə dövlətimiz tərəfindən verilən yardımlardan, imtiyazlardan biz də hər kəs kimi istifadə etmişik. O ki, qaldı ailəmizin sosial-maddi vəziyyətinin yaxşılaşmasına kömək etməyimə, bu mənim üzərimə düşən ən böyük haqq və borclardan biridir. Bundan sonra da yaşadığım dövrdə, oynadığım dövrdə hər zaman çalışacam ki, ailəmin - atamın, anamın və qardaşlarımın sosial-maddi vəziyyətinin yaxşılaşması üçün əlimdən gələni edim və düşünürəm ki, bu mənim mənəvi borcumdur. Həyatımın sonuna qədər də bu borc mənim boynumda haqq olaraq qalacaqdır
- Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə uşaq futbolunu inkişaf etdirməklə bağlı hansı təklif və köməyiniz ola bilər? Və ya belə bir təşəbbüslə “Qarabağ”ın, yaxud AFFA-nın qarşısında məsələ qaldırmaq mümkündürmü?
- Həmin qəsəbələrdə futbolu inkişaf etdirmək istəyiriksə, mütləq futbola uyğun infrastruktur yaradılmalıdır. Stadionlar, bazalar, məşq meydançaları mütləq olmalıdır. Və ən əsası uşaqlarla çalışacaq savadlı, bilikli futbol müəllimlərini ora cəlb etmək lazımdır. Sözsüz ki, mütləq diqqət ayırmaq lazımdır o uşaqlara ki, hər zaman nəzarətdə olsunlar. Onda həmin qəsəbələrdə yaxşı idmançılar yetişdirmək olar. O idmançılar ki, milli komandamıza faydalı ola biləcək. Köməyə gəldikdə isə ixtiyarımızda olan bütün məsələlərdə əgər kömək istənilirsə, əlimdən gələn etməyə hazıram.
“Qarabağ” və AFFA-nın qarşısında da məsələ qaldırmaq, əlbəttə, mümkündür. Düşünürəm ki, belə bir təklif olduğu halda müsbət bir rəy bildirərlər. Federasiyada bu məsələlərlə çalışan insanlar var. Onlar regionlarla bağlı futbol haqqında düşünür və belə bir məsələ olarsa, “Qarabağ”a təklif etmək mənim üçün daha asan olar.
Mənbə: "Vətən səsi" qəzeti