"Qol fürsətlərini boşa verdiyimizə görə məyusam"

"Komandamızı qələbə münasibəti ilə təbrik edirəm. Bu, çox möhtəşəm duyğudur. Azarkeşlərə də təşəkkürümü bildirirəm".

Sportline.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçii Valdas Dambrauskas UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "KuPS"a qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, 1:0 hesablı qələbəyə baxmayaraq, bir az məyus olduğunu bildirib: "Çünki bir çox qol fürsətlərini boşa verdik. Hər iki hissədə üstün oynadıq. Qarşılaşmanın son anlarında da bizim bəxtimiz gətirdi. Rəqib az qala hesabı bərabərləşdirəcəkdi. İndi bizi səfərdə çətin cavab görüşü gözləyir. Bu gün yararlana bilmədiyimiz qol fürsətlərindən səfərdə maksimum istifadə edəcəyik".

Dambrauskas aparıcı oyunçulardan olan Aron Maludanın meydana çıxmamasının səbəbini də izah edib: "Adətən mən meydana ən uyğun ilk 11-liyi buraxıram. Düşünürəm ki, Maluda "KuPS"la oyuna tam hazır deyildi. Yəqin ki, qarşıdakı görüşlərə hazır olacağı təqdirdə onu meydanda görə bilərik".

Banner