Qara Qarayev: "Qarabağ"a qarşı qərəz hiss olunur"

"Qarabağ"ın futbolçusu Qara Qarayev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Molde"yə penaltilər seriyasında uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra sualları cavablandırıb.

- "Molde"ni məğlub etmək üçün nə çatmadı?

- Rəqib haqqında məlumatımız var idi. Onların necə qapalı və sıx oynadığını bilirdik. Dünənki oyunda yetərincə imkan əldə etdik. Hamısı 100 faizlik epizodlar idi, amma yararlana bilmədik. Hər şey penaltilər seriyasına qaldı. Rəqib burada daha şanslı idi və qələbə qazandı. Danışılası çox şey yoxdur. Futbolda belə hallar olur. Biz də bu cür halın qurbanı olduq. Lakin hələ heç nə bitməyib. Yolumuza davam edirik. İsti, çətin hava şəraitində oynadıq. Belə deyim, məcburu qarşılaşma idi. Çünki biz evdə oynamağı çox istəyirdik. Qərar dəyişdikdən sonra bizə də çətin oldu.

- Komanda yoldaşlarınızın qol epizodlarından yararlana bilməməsi barədə nə deyə bilərsiniz?

- Heç bir futbolçu bilərəkdən qol imkanını qaçırmır. Sadəcə, o anlarda istək və aqressiyanı aşağı salmaq, daha sakit olmaq lazımdır. Təəssüf ki, alınmadı. Heç bir komanda yoldaşımızı qınaya bilmərik. Qələbə qazanmaq istəyirdik. Amma bayaq da qeyd etdiyim kimi, futbol bəzən belə anlar yaşadır. 

- Qarşıda Azərbaycan çempionatının və Avropa Liqasının pley-off mərhələsinin oyunları var. Bu məğlubiyyət komandaya mənfi təsir etməyəcək?

- Belə hallarla əvvəl də üzləşmişik. Düşünürəm ki, komanda olaraq buna hazırıq. Xatırlayırsınızsa, Çempionlar Liqasının III təsnifat mərhələsində BATE-yə uduzduqdan sonra Avropa Liqasının pley-offunda Moldova "Şerif"i ilə qarşılaşdıq və qalib olduq. Fikrimcə, biz bu vəziyyətdən çıxa biləcəyik. Hazırda bizim üçün ən önəmlisi çempionata hazırlaşmaqdır. Vaxtımız var. Əlimizdən gələni edəcəyik ki, vəziyyətdən çıxaq. İşimiz elədir ki, oyun bitdikdən sonra o düşüncə ilə qala bilmirsən. Dəyişilməli, yeni oyuna köklənməlisən. Bunu etməyə məcburuq. "Qarabağ" azarkeşləri bizdən yeni qələbələr gözləyir. Bunun əsas təməli isə ölkə çempionatından başlayır.

- Oyuna bir həftə qalmış matçın neytral meydanda olacağı bildirildi. Buna münasibətiniz necədir?

- Klub rəhbərliyi bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoyub. Biz də o düşüncədəyik. Oyunun neytral meydana salınması planlarımıza uyğun deyildi. Çünki püşkatma nəticəsində matçımız Bakıya düşmüşdü. Sonradan qərar dəyişdirildi. Sözsüz ki, ortada qərəz hiss olunur. Buna nümunə kimi deyə bilərəm ki, Norveç yığması sentyabrın 7-də UEFA Millətlər Liqasının oyunu üçün Şimali İrlandiyaya səfər etmişdi. Ölkəyə qayıtdıqdan sonra karantində qalmadılar. Rəqib bizimlə oyunu ortaya atdı. Amma artıq bunlar geridə qaldı və danışılası çox şey yoxdur. Qərarın ədalətsiz olduğunu hamı bilir. (report)