"Qarabağ"ı üstələmək üçün var gücümüzdən istifadə etməliyik

"Şerif"in braziliyalı futbolçusu Viktor Oliveyra klubun saytına UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçiriləcək oyun barədə danışıb. SportLine.az xəbər verir ki, V.Oliveyra Bakıdakı nəticəni uğurlu sayıb:

"Çempionlar Liqası kimi nüfuzlu turnirdə əsas heyətdə meydana çıxdığım ilk matç idi. Görüş ağır keçdi. Buna baxmayaraq, komandamız güclü tərəflərini göstərə bildi. Düşünürəm ki, Bakıda qol buraxmamaqla əsas tapşırığın öhdəsindən gəldik".

“Qarabağ” komplektləşmiş komanda olduğunu deyən futbolçu, "Rəqibin üzvləri sürətli və aqressiv oyun göstərirlər. Amma “Şerif”də də səviyyəli futbolçular var. “Qarabağ”ı üstələmək üçün bütün gücümüzdən istifadə etməli, xarakter göstərməliyik", - deyə qeyd edib.

V.Oliveyra hər iki komandanın şanslarını bərabər qiymətləndirib: "Hesab edirəm ki, oyunun favoriti yoxdu. Matç hər iki komanda üçün çətin keçəcək. Azarkeşlərlə dolu stadion bizə çox kömək olardı. Azərbaycanda fanatlar öz komandalarını irəli səsləyirdilər. O cür dəstək cavab görüşündə “Şerif”ə lazımdır".

Xatırladaq ki, "Şerif" - "Qarabağ" görüşünün start fiti bu gün Bakı vaxtı ilə saat 21:00-da səslənəcək. Bu komandalar arasında ilk oyunda hesab açılmayıb.