“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?
İki gün sonra “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Göteborq”la qarşılaşacaq. SportLine.az xəbər verir ki, oyuna bilet satışına ötən gündən start verilib.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun sözlərinə görə, artıq 9 mindən çox bilet öz sahibini tapıb: “Qarşılaşmaya maraq böyükdür. İki gün ərzində 9 mindən çox bilet satılıb. Nəzərə alsaq ki, azarkeşlər, əsasən, oyun günü bilet alırlar, deyə bilərik ki, bütün biletlər satılacaq”.
İsveç təmsilçisinin 50 bilet istədiyini bildirən N.İbrahimov, “Bildiyiniz kimi, 28-ci sektor rəqib komanda üçün nəzərdə tutulub. Həmin sektorda 387 yer var. Komanda 50 bilet istəyib. Bundan əlavə, İsveç səfirliyinin əməkdaşlarının və burada yaşayan isveçlilərin də oyuna gələcəyi gözlənilir”, - deyib.
Qeyd edək ki, “Qarabağ” – “Göteborq” matçı avqustun 25-i, saat 20:30-da start götürəcək.