"Qarabağ"ın yubiley qələbəsi

“Qarabağ” komandası Azərbaycan çempionatlarında 150-ci səfər qələbəsini qazanıb. Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley uğuru Topaz Premyer Liqasının XXI turunun “Sumqayıt”la görüşünə təsadüf edib. 4:0 hesablı qələbəyədək Ağdam klubu 149 dəfə rəqib meydanlarında qalib gəlmişdi. Səfərdəki 150-ci qələbə 352-ci matça təsadüf edib. “Qarabağ”ın hesabında 94 heç-heçə və 108 məğlubiyyət də var. Rəqib meydanlarındakı qol sayını 418-ə çatdıran komanda 328 top buraxıb.
Qeyd edək ki, səfərdə ən çox qələbəsi olan komanda “Neftçi”dir – 174. Bu iki klubdan başqa yalnız “İnter” rəqib meydanında 100-dən artıq qələbə əldə edib. Bakılıların 102 belə uğuru var.