"Qəbələ" avrokuboklarda
“Qəbələ”nin U-19 komandası AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi elan olunub.
Sportline.az xəbər verir ki, keçirdiyi 15 oyunda 33 xal toplamaqla yarışın lideri olan “qırmızı-qaralar” koronavirus pandemiyası üzündən dayandırılan və bərpa edilmədən başa çatdırılan mövsümün çempionu olub. Bununla da “Qəbələ” UEFA-nın 19 yaşadək futbolçular arasında keçirdiyi avrokubok turnirinə - Gənclər Liqasına vəsiqə qazanıb.
Bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib. Xüsusi karantin rejimi nəzərə alınaraq, bu gün AFFA-nın İcraiyyə Komitəsinin üzvlərindən telefon zəngi vasitəsilə Birinci Divizion, Gənclər Liqası və digər məsələlər barədə münasibət öyrənilib. Aparılmış geniş müzakirələrdən sonra səs çoxluğu ilə aşağıdakı qərar qəbul olunub:
Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar təxirə salınmış Gənclər Liqasında oyunların keçirildiyi stadionlarda infrastruktur amilləri nəzərə alınaraq, mövsüm dayandırılsın, hazırkı turnir cədvəlinə əsasən qalib elan olunsun.