"Qəbələ" Cənubi Koreyada
Cənubi Koreyanın Kyoncu şəhərində keçirilən 13 yaşadək futbolçular arasında beynəlxalq turnirə start verilib. Sportline.az xəbər verir ki, Qəbələ ilə qardaşlaşmış şəhərdə təşkil olunan yarışa “Qəbələ”nin futbol akademiyasının U-13 komandası da qatılıb.
Qəbələ şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Abil Ağasəfovun rəhbərlik etdiyi nümayəndə heyəti Kyoncu meriyasının qonağı olub. Şəhərin meri “qırmızı-qaralar”ı qəbul edib, onlara xüsusi diqqət göstərib. O, həmçinin “Qəbələ”nin oyununu da izləyib. Qardaşlaşmış şəhərlərin nümayəndələri arasında rəsmi görüş də baş tutub. Kyoncu şəhər rəhbərliyi komandanın üzvləri üçün də ziyafət təşkil edib.
E qrupunda çıxış edən “qırmızı-qaralar” turnirdə 4 matç keçirib. Komanda ilk oyununda Yaponiyanın “Nara” klubunu məğlub edib - 4:1. U-13-ün heyətində Ömər Qurbanov 2, Sadiq Şəfiyevlə Murad Musayev hərəyə 1 dəfə fərqləniblər.
Ardınca İspaniyanın “Selta” və Koreyanın “Çonqyonq” klubları ilə görüşən “Qəbələ” hər iki matçda 0:2 hesabı ilə uduzub. "Qırmızı-qaralar" 4-cü oyunda Yaponiyanın “İçinomiya” komandasına qalib gəlib - 3:2. Bu matçda “Qəbələ”nin qollarını Elmir Hüseynli, Okan Təhməzli və Murad Musayev vurub.
Qrup mərhələsində “Selta” və “Çonqyonq” daha çox - 9 xal toplayıb. “Qəbələ” “İçinomiya” ilə eyni - 6 xal toplasa da, daha yaxşı top fərqinə malik yaponiyalılar 3-cü olub. Qrup dördüncüsü olan “qırmızı-qaralar” turnirdə növbəti oyunlarını sabah keçirəcək. Komanda Yaponiyanın “Vejitto” və Tailandın BBC klubları ilə üz-üzə gələcək.