"Qəbələ" klubunun məşqçisinə fəxri ad verilib

“Qəbələ” İdman Klubunun məşqçisi Dilarə Əhmədova fəxri adla təltif olunub.

Sportline.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə qadınlardan ibarət komandanın baş məşqçisi “Tərəqqi” medalı ilə mükafatlandırılıb. Yüksək Liqa iştirakçısı “Qəbələ”ni çalışdıran Azərbaycanın əməkdar məşqçisi gabalafc.az-a açıqlamasında bunu ölkə idmanına dövlət səviyyəsində göstərilən diqqət və qayğının göstəricisi kimi qiymətləndirib: “Tərəqqi” medalı ilə təltif olunmağım bir az gözlənilməz oldu. Bunun Beynəlxalq Qadınlar Gününə təsadüf etməsi mənə ikiqat bayram sevinci yaşatdı. Azərbaycan Prezidenti İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Təltif olunmağımı komanda üzvləri də sevinclə qarşıladılar.  İllərlə çəkdiyim əziyyət itmədi".

Əhmədova fəaliyyətini gələcəkdə də komandanın uğurları naminə davam etdirəcəyini diqqətə çatdırıb: "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" çərçivəsində başladığımız işi davam etdiririk. Qadın futbolunda ilk dəfə Bakıdan kənarda - “Qəbələ”nin bazasında fəaliyyət göstərən komandamızla qazandığımız uğurları davam etdirməyə çalışacağıq. Bu, üzərimizə əlavə məsuliyyət qoyur”.