Qədirovun getməsini Kamran Quliyev istəməyib

Vladislav Qədirov "Neftçi”nin tək-tük yetirmələrindən biridi ki, SSRİ yığmasının heyətində dünya çempionu olub. Amma bu olmasa belə, Qədirov həm "Arsenal”da, həm də "Neftçi”də oynamış yeganə azərbaycanlı futbolçudu.

Tulada onu yaxşı xatırlayırlar. Çünki, Rusiya klubunun tarixinə hansısa milli komandaya dəvət almış ilk legioner kimi düşüb. Bu milli də Azərbaycan olub. Qədirov Tulada cəmi bir mövsüm keçirsə də, vurduğu 9 qolla yerli azarkeşlərin qəlbində taxt qurub. Onu "Neftçi” ilə qarşılaşacaqları bilinmədən də, daim xatırlayıblar, klubun rəsmi saytında müsahibələri gedib. "Neftçi” ilə qarşılaşacaqları bilinəndən sonra isə Qədirovu Tulada böyük məmnuniyyətlə gözlədiklərini yazıblar. Həm Tulada, həm Bakıda onunla görüşlər, videoçəkilişlər olacağını deyiblər. "Arsenal”ın bir sıra azarkeş resurslarının rəhbəri Serqey Bayev Vladislav Qədirova məktub yazaraq Tulada onu yaxşı xatırladıqlarını və gənclərə klubun tarixini, veteranlarını tanıtmaq üçün onunla mütləq görüşmək istədiklərini bildirib.

Qədirov özü isə müsahibəsində "Arsenal”a, azarkeşlərə, Tulaya böyük hörmətinin olduğunu, amma bu qarşılaşmalarda yetirməsi olduğu doğma "Neftçi”yə azarkeşlik edəcəyini demişdi. "Arsenal”la "Neftçi” indiyəcən bir dəfə də qarşılaşmayıblar. Qədirov yeganə adamdı ki hər iki klubun şərəfini qoruyub. Özü də Tulaya getməyi çox istəyirdi. Bu, bir qəlb məsələsidi. Belə şans bir daha olmaya bilər. Çox təəssüf ki, "Neftçi”nin prezidenti Kamran Quliyev bu məsələyə isti yanaşmayıb. Klubdan verilən rəsmi açıqlama isə daha acınacaqlıdı. "Özü daha tez müraciət etsə düşünərdik, indi gecdi, bilet yoxdu” nə deməkdi? Məndə olan məlumata görə "Neftçi” Tulaya 8 jurnalist aparır. Həmin 8 jurnalistin hər birini tanıyıram və onlar öz yerini Qədirova verəcək mədəniyyət və qabiliyyətdə olan insanlardı. Əgər, yer yoxdusa, onlardan biri öz yerini Qədirova verərdi. İkinci məsələ oyun ayın 25-i axşamdı və həmin vaxtacan satışda Bakı-Moskva reysinə nə qədər desəz bilet var. Qayıdanda isə komanda çarterlə qayıdır və orda da yüzdəyüz boş yer tapılardı. Sadəcə, görünən budur ki, Qədirovun getməsini Kamran müəllim istəməyib.  Sevimli klubumun prezidentinə böyük hörmətim var və hər zaman yaxşı işlərini qabartmışam. Amma doğrunu demək hər zaman azı peşə borcumuzdu. Milli komanda, klublar xarici səfərlərində AFFA-ya yaxın veteranları da aparırlar. Amma hansısa Trinidad və Tobaqoya İsgəndər Cavadovun getməsi ilə getməməsi arasında heç bir fərq yoxdu, çünki orda onu heç kim tanımır və o hamıya maraqsızdı. Burda isə tulalılar özləri Qədirovu səbrsizliklə gözləyirlər. Amma Qədirov onlara deməyə utanır ki, "işsizəm, imkanım yoxdu, biletimi alın gəlim”. Elə Kamran müəllimə də deməyə utanır. Əslində isə o deməməlidi, klub özü bunda maraqlı olmalı idi. Qədirovun sayəsində Tulada, Rusiyada, bütün postsovet məkanında ölkəmiz təbliğ olunardı, televiziyalar, qəzetlər ondan müsahibə alardı, bu müsahibələri federal kanallar yayımlayardı, dünyanın çoxmilyonlu rusdilli əhalisi görərdi, azarkeşlərlə, ictimaiyyət ilə görüşlər keçirilərdi, Rusiya-Azərbaycan münasibətlərinə gözəl bir töhvə olardı. Elə həmin İsgəndər Cavadov, Kazbek Tuayev, Vəli Qasımov, Nazim Süleymanov  Rusiyaya aparılsa bu məntiqli olardı. Çünki, "Neftçi” Rusiyada tanınan klubdu, bu veteranlar da həmçinin Rusiyada tanınır və sevilir. Futbol tariximizə, ənənələrimizə hörmət, Rusiya ilə dostluq münasibətlərimizin daha da möhkəmlənməsi üçün belə bir iş görülsə çox yaxşı olardı.

Futbol veteranlarının öz  təşkilatları da var, əgər bu təşkilatlar yalnız kağız üzərində mövcud deyilsə həmin təşkilatların rəhbərləri Oqtay Abdullayev və Nazim Süleymanov köməkləşib Vladislav Qədirovu Tulaya göndərə bilər. Məncə, Nazim Süleymanov Azərbaycanın regionlarına getməkdənsə vaxtilə "Neftçi”də bir yerdə oynadığı Vladislav Qədirovu da götürüb gəlsin bu oyuna, Rusiya çempionatının ilk bombardiri Vəli Qasımov da onlara qoşulsun. Göstərək ki, bizim futbol da "yetim” deyil. Ən azı keçmişimiz var. Bu keçmişə hörmətimiz də var.

Jurnalistlərin ağır maddi durumunu bilirəm. Yoxsa deyərdim "gəlin köməkləşək bilet alaq”. Bu biletin qiyməti də elə baha deyil. Əminəm, AZAL-dan və  ya futbolumuzun, eyni zamanda "Neftçi”nin baş sponsoru SOCAR-dan bu biabırçı vəziyyəti bilsələr dərhal bilet problemini həll edərlər. Vladislav Qədirovun bu səfərinin gerçəkləşməsi üçün əlimdən gələn köməyi böyük məmnuniyyətlə etməyə hazıram. Azərbaycan futbolunun adını başqa ölkələrdə ucaldan birinin xəyalllarını gerçəkləşdirməyə yardımçı olmaq şərəf verər.

Bəlkə də, "Neftçi”nin heç bir veterana maddi baxımdan borcu yoxdu, amma mənəvi borc çoxdu. Qədriovu hörmət-izzətlə Tulaya aparmaq da belə bir borc idi.

Anar Şabanoğlu