Qurban Qurbanovun adının kölgəsində

Qurban Qurbanovun məşhurluğu, onun şan-şöhrəti Azərbaycanın sərhədlərini çoxdan aşıb. Getdiyimiz hər bir xarici ölkədə onun tanındığının, hətta sevildiyinin şahidi olmuşam. Qəlbimizin fərəh hissiylə dolub, biz də həmyerlimizlə fəxr etmişik.
 
2015-ci ilin mayında 3 həmkarımla birlikdə Vladiqafqaza, Nazim Süleymanovun 50 illik yubileyi şərəfinə keçiriləcək bayram tədbirlərinə, dostluq oyununa yollanmışdıq. Sumqayıtlı sürücünün idarə etdiyi avtomobil Bakıdan Vladiqafqaza qədər 800 kilometrdən bir qədər çox yol qət etməliydi. Ağlınız Azərbaycana getməsin, Rusiyanın bu bölgəsində yollar çox narahat və təhlükəlidi. 90-cı illərin sonlarında yaşanan münaqişələrin, terror hücumlarının izləri hiss olunur. Ona görə də darısqal yollarda az qala hər addımbaşı polis postları qurulub, gəlib-gedənlərin pasportları yoxlanılır. Əli avtomatlı əsgərlər bizə hardan gəlib, hara getdiyimizi soruşanda Süleymanovun adını çəkirdik, dərhal da üzlərinin ifadəsi dəyişirdi, pasportumuzu özümüzə qaytarırdılar. Vətəndən kənarda azərbaycanlıların tanınmasını, sevilməsini görmək xoş idi.
 
Şimali Osetiyanın yaxınlığındakı postların birində isə əsgərlərdən biri əsl futbol azarkeşi çıxdı, Süleymanovu xatırlayandan sonra "sizin  daha bir futbolçunnuz vardı, əla hücumu idi. Qurban Qurbanovu deyirəm, "aşırma zərbəsi”ylə vurduğu qolu əla alınmışdı”. Həmin qol mənim də yadımdadı, "Fakel”in formasındakı Qurbanovun qol vurarkən çəkilmiş şəkli uzun müddət qəzet və jurnalların ön səhifəsini bəzəmişdi.
 
Məşqçiliyi futbolçuluğundan da məşhur oldu. Azərbaycan futbolunu zirzəmidən zirvələrə qaldırdı. Xarakteriylə, dürüstlüyü ilə etimad qazandı, təkcə "Qarabağ” azarkeşlərinin deyil, bütövlükdə azərbaycanlı futbolsevərlərin sevdiyi şəxsiyyətə çevrildi. Təsadüfi deyil ki, ölkə başçımız cənab İlham Əliyev "Qarabağ” komandasını qəbul edərkən Qurban Qurbanov haqqında ayrıca danışdı, onun barəsində xeyli müsbət fikirlər səsləndirdi. Hiss edilirdi ki, prezidentimiz də onun fəaliyyətindən, təkcə futbolçu və məşqçi kimi yox, insani keyfiyyətlərindən məlumatlıdı.
 
Qurban bəyin bu məşhurluğu, adının böyüklüyü bizim üçün qürur mənbəyi, baş tacıdı. Amma kimlərsə bu böyük adın kölgəsinə sığınır, orda gizlənərək öz çirkin əməllərini həyata keçirməyə çalışırlar. Belələrinin əməlləri ikrah doğurur, nifrət hissi yaradır. Oxşar hadisəyə dünən gecə şahid oldum. Adətim üzrə sosial şəbəkələri izləyərkən Qurban Qurbanov adına açılmış bir səhifənin paylaşımını gördüm. Bədnam əməl sahibləri özlərinə rəqib gördükləri şəxsləri bu yolla qaralamağa, Qurbanovun kölgəsinə sığınaraq onlara iftira atmağa çalışırdılar. Paylaşımın altına "Ayıbdı, öz niyyətiniz üçün başqalarının adından istifadə etməyin” yazdım. Şərhim dərhal da silindi. Qara əməlin sahiblərinin niyyətləri məlum idi.
 
Siyasi mübarizə aparmağın fərqli üsulları var. Özünə rəqib gördüyündən daha yaxşı olduğunu isbatlamaq üçün keçmişini, səviyyəni, bacarıq və fərasətini ortaya qoyursan. Xalq da özü baxır, qərarını verir. Aqillərimiz nahaq yerə "xalqın gözü tərəzidi” deməyiblər ki. Qurban Qurbanovun böyük adına sığınanlar, onun kölgəsində gizlənməyə çalışanlar isə artıq bu tərəzidə dayanmağa belə layiq olmadıqlarını göstərdilər. Belələrinin keçmişi qaranlıq, bu günləri isə iftira və böhtan doludu. Onların yeri xalqın gözü və könlü yox, qaranlıq zirzəmilərin üfunətli küncüdü. Sizə bir sözüm var: Ayıb olsun!
 
Amal ABUŞOV