Qurban Qurbanov: "Bu oyunda əsas özümüzü fikirləşirdik"
"Bu oyunda əsas özümüzü fikirləşirdik. Oyunçularda yorğunluq var idi. Ona görə əsas heyətin bir neçə üzvünə istirahət vermişdim". SportLine.az xəbər verir ki, bu sözləri "Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov "Neftçi" ilə görüşdən sonra CBC Sport telekanalına açıqlamasında deyib.
Komandanın çıxışından razı qaldığını bildirən Qurbanov, "Meydana buraxdığım oyunçular özlərini yaxşı tərəfdən göstərdilər. Hamısından razı qaldım. Xüsusilə, futbolçuların oyuna nəzarətini bəyəndim", - deyib.
Avropa Liqasının pley-off mərhələsində "Göteborq"a qarşı keçiriləcək oyun haqda da danışan baş məşqçi, "İlk oyunda üstün tərəf biz idik. Rəqib cərimə zərbəsindən mükəmməl qolla fərqləndi və üstünlüyünü qorudu. Cavab matçında qələbə qazanıb mərhələni adlamaq haqda düşünürük", - deyə söyləyib.
Xatırladaq ki, Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "Qarabağ" "Neftçi"ni üç cavabsız qolla məğlub edib.