Qvardiola “Liverpul” – “Mançester Siti” qarşılaşmasının favoritini açıqlayıb
“Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola yetirmələrini “Liverpul”a qarşı oyunda favorit hesab etmədiyini bildirib.
Sportline.az “şəhərlilər”in rəsmi saytına istinadən xəbər verir ki, bunu ispaniyalı mütəxəssis oyunöncəsi mətbuat konfransında açıqlayıb.
Premyer Liqada dördüncü pilləsində qərarlaşan Qvardiolanın yetirmələri dekabrın 1-də səfərdə – “Enfild” stadionunda Arne Slotun komandasına qarşı oynayacaqlar. Rəqiblərini böyük xal fərqi ilə arxada qoyan “qırmızılar”ın qələbəsi “şəhərlilər”in çempionluq perspektivinə ciddi zərbə ola bilər. “Mançester Siti”nin Premyer Liqa çərçivəsində “Enfild”dəki sonuncu zəfəri 2021-ci ilin fevralına, ondan qabaqkı isə, ümumiyyətlə, 21 il öncəyə təsadüf edir.
Ev sahibinin oyuna tam əminliklə çıxacağını deyən Qvardiola söhbət böyük oyunlardan gedəndə favorit hesab olunmağın heç vaxt onun düşüncələrinə təsir etmədiyini və ya komandasına üstünlük vermədiyini vurğulayıb.
“Enfild”də favorit olmuşuq və heç vaxt da qalib gəlməmişik. Yalnız bir dəfə, COVID dövründə, orada heç kim olmadığı vaxt bu mümkün olub. Heç nə dəyişməyib. Sözsüz, biz [favorit] deyilik, hazırda son oyunlarda nəticələrimizi yaxşılaşdırmırıq”, – komandanın çalışdırıcısı söyləyib.
Qeyd edək ki, noyabrın 29-da “Brayton”un autsayder “Sauthempton”a qarşı oyunda bir xal qazanması “Mançester Siti”ni qabaqlayaraq ikinci pilləyə yüksəlməsinə kifayət edib. Bundan başqa, noyabrın 30-da “Arsenal” səfərdə “Vest Hem”i darmadağın edib və turnir cədvəlində “qağayılar” və “şəhərlilər”i geridə qoyaraq “Liverpul”un arxasında yer alıb. Hazırda ilk "dördlüy"ü Qvardiolanın komandası qapayır.