Ramal Aslanov: "İdmandan məğlub olub getmək istəmirəm"

Kikboks üzrə dünya kəmərinin sahibi, dəfələrlə Avropa və dünya çempionu olan idmançımız Ramal Aslanov Bakusport.az saytına müsahibə verib.

Sportline.az təcrübəli döyüşçünün açıqlamalarını təqdim edir.

- Pandemiya sizə necə təsir etdi? Formanızı qoruyub saxlaya bilmisinizmi?
- Pandemiya bütün sahlərə olduğu kimi bizə də təsir edib. Məşq edə bilmirik. Evdə etdiyimiz məşqi isə idmançı kimi yox, adi insanlar kimi edirik. Bu hərəkətlərlə formada qalmaq olmaz. Xüsusilə də, peşəkar idmançı üçün əlverişli deyil.

- Qarşıda hansı yarışlara qatılmağı düşünürsünüz?
- Bu il demək olar ki, yarışımız olmadı. Gənclərin dünya çempionatı ləğv olundu. Böyüklərin Avropa çempionatı isə dekabrda Türkiyənin Antalya şəhərində olacaq. Ümid edirəm ki, təxirə salınmaz. Bildiyiniz kimi, mən yığma komandanın kapitanıyam. Son dəfə dünya çempionu mən olmuşam. Bu il Avropa çempionu olmaq üçün də əla şansım var. Kikboks idman növü gələn il Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilib. Bu çox sevindirici haldır. İnşəallah, tezliklə Olimpiya Oyunlarının proqramına daxil olar.

- Uğurlarınızda məşqçiniz Hakim Hacıyevin nə dərəcədə rolu var?
- Bir binanın tikilib ərsəyə gəlməsində memarın nə dərəcədə rolu varsa bir idmançının yetişməsində məşqçinin o qədər rolu var. Məşqçi idmançı yetişdirə bilər, amma bir çempion kimi yetiməsində məşqçinin rolu çox böyükdür. Hakim müəllimin mənim həyatımda çox böyük rolu olub. Həm idmançı, həm də insan kimi yetişməyimdə onun əziyyəti danılmazdır. Biz həm dost, həm də qardaşıq. Özü də polis işçisidir. Həmişə başa salıb ki, idmançı rinqdən kənarda döyüşə bilməz. Bir valideynlərimin, bir də məşqçimin borcunu heç vaxt qaytara bilmərəm.

- Karyeranızı nə vaxt bitirməyi düşünürsünüz? Bitirdikdən sonra hansı işlə məşğul olmağı planlaşdırırsınız?
- 2016-cı ildən bəri ən böyük uğurlarımı qazanmışam. Bu dəqiqə karyeramın ən yüksək nöqtəsindəyəm. Heç bir zədəm yoxdur. İdmandan məğlub olub getmək istəmirəm. Özümdə zəiflik hiss etsəm, yalnız o zaman döyüşlərə çıxamaram. İstəmirəm idmandan biabr olub gedim.Gələcəkdə isə qismət olsa, vətənim Azərbaycan üçün xidmət etməyi düşünürəm. Ola bilsin ki, məşqçi, ya da dövlət qulluqçusu kimi işimi davam etdirim.

- Açıq havada məşqlərə icazə verilməsindən sonra siz hansı tövsiyələr olunub?
- Operativ Qərargah tərəfindən açıq havada məşqlərə icazə verildikdən dərhal sonra məşqlərə başladıq. Fiziki gücümü artırmaqdan ötrü əlimdən gələni edirəm. Amma yarışqabağı taktiki-texniki məşqlər lazımdır ki, bunu da ancaq idman zallarında edirik. Sırf açıq havada məşqlərlə yarışa getmək olmaz. İnşəallah, dekabra qədər idman zallarına getməyə icazə verilər. Bizim də arzumuzdur ki, pandemiya bitsin, zallar açılsın, biz də məşq edib yarışlarda bayrağımızı dalğalandıraq.

- Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev hər zaman idmançılara dəstək olur. Hal-hazırda federasiya ilə əlaqəniz necədir?
- Adil müəllimin nəinki kikboksçularla, hətta güləşçilər, cüdoçular və digərlərilə əla münasibəti var. Bütün idmançıların demək olar ki, yaxın dostudur. Onun diqqət və qayğısını həmişə görümüşük. Mənə də pandemiya dövründə çox dəstək oldu. Biz Adil müəllimlə fəxr edirik.

- Çətin günlərdən keçirik. Bütün yeniyetmə və gənc idmançılara arzunuz nədir?
- Həkimlərin də dediyi kimi bu virus immuniteti güclü olan insanlara çox da təsir etmir. Ona görə də sağlam və güclü, pis vərdişlərdən uzaq olmaq lazımdır. Tək koronavirusa qarşı yox, bütün xəstəliklərə qarşı dözümün olmalıdır. Ona görə də hamıya idmanla məşğul olub sağlam qalmağı arzu edirəm.