Ramil Şeydayevin Yurçeviçin təyinatına münasibəti
Milli komandamızın hücumçusu, hazırda Rusiya Premyer Liqa təmsilçisi “Krılya Sovetov”da çıxış edən Ramil Şeydayev müsahibə verib. Nikola Yurçeviçin yığmaya baş məşqçi təyinatı haqda danışan futbolçu Avro-2020-nin seçmə mərhələsindəki şanslarımızı da dəyərləndirib.
- Əvvəlcə yığmanın yeni baş məşçqçisi Nikola Yurçeviçlə bağlı fikirlərini bilmək maraqlı olardı. Xorvatiyalı məşqçini tanıyırsan?
- Xeyr, Yurçeviçi tanımıram. Ona görə də hələlik baş məşqçi haqqında heç nə deyə bilmərəm.
- Yurçeviçlə bağlı qısaca onu deyim ki, Zaqreb “Dinamo”sundakı 2 aylıq fəaliyyətini çıxmaq şərtilə, heç vaxt baş məşqçi işləməyib. Səncə, milli onun başçılığı altında uğur qazana bilər?
- Futboldur, hər şey ola bilər. Millinin uğur qazanması həm ondan, həm də komandadan asılıdır.
- Yeni çalışdırıcıdan dəvət gözləyirsən?
- Əlbəttə, gözləyirəm. Ən əsası da inanıram ki, millidən kənarda qalmayacağam.
- “Krılya Sovetov”dakı vəziyyətin necədir? Hazırkı durum səni qane edir?
- Hər şey əladır. Təlim-məşq toplanışındayıq. Məşq edirik, çempionata hazırlaşırıq. Qarşıda daha bir toplanışımız olacaq.
- Yoxlama oyunlarında meydana çıxsan da, hələ ki, qol vura bilməmisən. Niyə alınmır?
- Açığı, bu suala cavab verə bilməyəcəyəm. Çünki səbəbini özüm də bilmirəm.
- Gələcəkdə səni yenidən Azərbaycan çempionatında görə bilərik?
- Azərbaycanı, Bakını çox sevirəm. Vətənim üçün darıxıram. Ancaq yenidən orada oynayıb-oynamayacağımı dəqiq deyə bilmərəm. Bunu zaman göstərəcək.
- Bir müddət öncə Rusiya mətbuatına müsahibəndə Azərbaycanda futbolun səviyyəsinin yüksək olmadığını, oyun sayının azlığına görə ölkəmizdə çıxış etməyin düzgün olmadığını vurğulamışdın. Ölkəmizdə futbolun səviyyəsini qaldırmaq üçün nə etmək lazımdır?
- Hər şeyə uşaq futbolundan başlamaq lazımdır. Qısa vaxt ərzində nəyisə dəyişmək çox çətindir. Futbolun səviyyəsini yüksəltmək üçün uzun zamana ehtiyac var.
- 1 il “Qarabağ”da oynadın. Milli komandanın üzvüsən, demək olar ki, bütün toplanışlara dəvət alırsan. Burada olduğun müddətdə Azərbaycan futbolunda hansı problemləri gördün?
- Bu, artıq başqa söhbətin mövzusudur. İndi bu haqda fikir bildirmək istəmirəm.
- Yaxşı, millidən danışaq. Qarşıda Avro-2020-nin seçmə mərhələsinin oyunları gəlir. Qrupumuzdakı komandalar isə Xorvatiya, Uels, Slovakiya və Macarıstandır. Rəqibləri necə dəyərləndirirsən?
- Əlbəttə, hamısı güclü yığmalardır. Çətin rəqiblərlə qarşılaşacağıq. Ancaq əlimizdən gələni edib, ölkə üçün oynayacağıq. Qrupda yaxşı yer tutmağa çalışacağıq.
- Səncə, milli komandamız qrupda neçənci yeri tuta bilər?
- Düşünürəm ki, 2-ci yeri tuta bilərik.
- Nəyə əsasən belə fikirləşirsən?
- Çünki bizim yaxşı komandamız var. Mən yığmaya inanıram. Ona görə də 2-ci yeri tuta biləcəyimizi fikirləşirəm.
- Ancaq komanda Millətlər Liqasında qrupdan çıxa bilmədi...
- Bu, bizim üçün bir dərs oldu. Bundan sonra daha inamlı çıxış etməli və yaxşı nəticələr qazanmalıyıq.
- Qrupda ilk oyununuz səfərdə Xorvatiyaya qarşı olacaq. Son dünya çempionatının gümüş medalçısı ilə oynamaq sizi qorxutmur?
- Xeyr, qorxutmur. Onlar da meydana 11 nəfərlə çıxacaqlar.
- Həmin oyun haqda nə deyə bilərsən?
- İndiki məqamda heç nə demək istəmirəm. Çünki mən hələ heç baş məşqçini də tanımıram.
qol.az