"İki Azərbaycan komandası olsa, daha maraqlı olar
"Qarabağ" UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Ukraynanın "Dinamo" klubuna 2:0 hesabı ilə qalib gəlib və "pley-off" mərhələsinə vəsiqə qazanıb.
Sportline.az "sportal.az"a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:
"Gərgin və stresli oyun oldu. Bəzi dəqiqələri nəzərə almasaq, futbolçularımız oyuna tam köklənmişdilər. Qarşımızda məğlub olmaq istəməyən, mübarizə aparan rəqib var idi. Həm topla, həm də topsuz oyunda düzgün işlər gördük. Vacib qələbə qazandıq.
Azarkeşlərimizə xüsusi təşəkkür edirəm. Sanki ötən il Çempionlar Liqasının qrup mərhələsindəki ab-hava, birlik bu gün də stadionda hiss olunurdu. Rəqibə də uğurlar arzulayıram. Belə rəqiblə oynamaq və qalib gəlmək bizim üçün xoş oldu. “Dinamo”ya Bakıda azarkeşlik edən çoxlu insan var. Biz özümüz də uşaqlıqdan onlara azarkeşlik etmişik".
- Rəqibin baş məşqçisi dedi ki, “Qarabağ” qol imkanlarından daha yaxşı yararlandığı üçün qalib gəldi. Birinci və ikinci oyun arasında hansı fərqlər var idi?
- Çox böyük fərq var idi. Bu gün daha aktiv idik, pressinqimiz daha düzgün alınırdı. Topla daha sürətli və daha düzgün davranırdıq. Rəqibi topsuz qoymağa çalışırdıq. İkinci hissədə müəyyən dəyişikliklər oldu. Belə isti havada 90 dəqiqə eyni tempi saxlamaq mümkün deyil. Hazırlaşdığımız bir çox məqamı bu gün meydanda gördük. Mənim tərəfimdən də müəyyən dəyişikliklər oldu.
- Mateuş Koxalskinin ehtiyatda qalması nə ilə əlaqədardır?
- Onun oyunundan razıyıq. Komandadan ayrılması ilə bağlı heç bir fikir və ya danışıq yoxdur. Sadəcə, bəzi yazılar yayılmışdı. Amma belə bir məsələ yoxdur. Bəzən futbolçuya istirahət vermək daha faydalı olur. Martin Zlomisliç də özünü yaxşı tərəfdən göstərdi. Koxalskinin getməsi ilə bağlı heç nə yoxdur. Martinin oynamasını riskli qərar hesab edənlər ola bilərdi, amma mən belə düşünmürdüm.
- “Dinamo”ya qarşı ən çox razı qaldığınız oyun bu günkü matç oldu?
- Qələbə qazandıqda, təbii ki, daha çox razı qalırsan. Amma ilk iki oyunda da yaxşı çıxışımız olmuşdu - həm Bakıdakı, həm də səfərdəki matçda. Daha xarakterli və döyüşkən oyun baxımdan isə Sofiyada keçirdiyimiz 120 dəqiqəlik qarşılaşmanı qeyd edərdim. Həmin oyunda 120 dəqiqə ərzində çox yaxşı mübarizə apardıq və dözdük.
Hər oyunun öz dəyəri və keyfiyyəti var. Qələbə isə bəzən bir çox məqamı üstələyir. Desəm ki, bu günkü oyundan tam razıyam, düzgün olmaz. Təbii ki, daha yaxşı oynamaq və daha yaxşı nəticə əldə etmək istəyərdim. Amma düşünürəm ki, getdikcə daha da yaxşı olacağıq.
- “Tvente”yə qarşı necə oynamalısınız?
- “Tvente”nin oyunlarını izləməmişəm, sadəcə 6:0 hesablı qələbələrinin qollarına baxmışam. Çox yaxşı qollar vurdular. Sırf Niderland futboluna xas qollar idi. Topa nəzarət etməyi bacaran kollektivdir. Ola bilər ki, bu matçda daha çox düşünməli və daha çox hərəkət etməli olacağıq. Hazırlaşmaq üçün vaxtımız olacaq.
- Elvin Cəfərquliyev zədədən sonra meydana gec qayıtdı. Zubir əvəzlənəndə də Lobato meydana gec daxil oldu. Yeni qaydalarla bağlı fikriniz necədir?
- Birinci epizod qaydalara uyğun idi. Futbolçu bir dəqiqə kənarda gözləməlidir. Elvində ağrılar oldu. İkinci epizodda isə söhbət cəmi bir neçə saniyədən gedirdi. Belə məqamları hakimlər də nəzərə almalıdırlar. Hava isti və oyun gərgin idi. Zubirə baxdım, gördüm ki, yanımdadır və tez meydana daxil oldu. Normal haldır. Belə vəziyyətlərlə tez-tez qarşılaşacağıq - aut atışlarında, qapıçının oyunu başladığı zaman və digər epizodlarda. Hələ hamı yeni qaydalara tam uyğunlaşmayıb.
- Zlomisliçin meydana buraxılması riskli qərar oldu. Onun oyununu necə qiymətləndirirsiniz?
- Risk etməyən qəhrəman olmaz. Amma bu, riskli qərar deyildi. Martin təcrübəli qapıçıdır. “Riyeka” ilə avrokuboklarda oynayıb. Dünya çempionatında iştirak etməsə də, həmin mühitdə olub, böyük futbolu hiss edib. Onun təcrübəsi ilə bağlı heç bir narahatlığım yox idi. Əgər narahat olsaydım, meydana buraxmazdıq.
- Elvin Cəfərquliyev deyib ki, bir müddət asfaltda məşq edib. Elvin şıltaqlıq dövrünü geridə qoyub?
- Bəlkə də daha çox asfaltda məşq etmək lazımdır ki, düzəlsin. (red. gülür.) Amma məncə, asfaltda məşq etməyib. Bəlkə fərdi məşq edib, bilmirəm. Əgər faydası olacaqsa, tez-tez asfalta göndərərik. (red. gülür.)
- “Sabah”ın şanslarını necə dəyərləndirirsiniz? “Qarabağ”la “Sabah” arasındakı rəqabət Azərbaycan çempionatına nə verəcək? Maqsud Adıgözəlov da deyib ki, “Qarabağ” qarşımızda idi və bu rəqabət onlara əlavə motivasiya verdi...
- “Sabah”a uğurlar arzulayıram. Belə komandalar və belə nəticələr olmasa, futbol inkişaf edə bilməz. Bu gün “Sabah”ın ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi böyük uğurdur. Digər tərəfdən, həm oyun, həm də nəticə çox cəlbedicidir.
Dəfələrlə demişəm ki, “Sabah” işini çox planlı şəkildə qurub və gələcəyi düşünür. Bu, ilk növbədə bizim üçün motivasiyadır, eyni zamanda digər klublar üçün də stimul yaradır. Ən əsası isə Azərbaycan futboluna böyük inam verir.
Əgər biz öz şanslarımızdan istifadə edib Çempionlar Liqasında və Avropa Liqasında qrup mərhələlərində çıxış ediriksə, “Sabah” da bunu təkrarlayırsa, “Qəbələ” və “Neftçi” kimi klublar da uzun illər avrokuboklarda uğurlu çıxış etsəydilər, digər komandalar daha inamlı olardılar. Sponsorlar da futbola daha tez cəlb olunardılar.
Bu gün belə nəticələr əldə olunur, Azərbaycanda futbola maraq var. “Sabah”ın cavab oyununda stadionun tam dolması da bunun göstəricisidir. Bu, digər klubları da həvəsləndirir. Belə iş qurduqları üçün “Sabah”ın rəhbərliyinə təşəkkür edə bilərik.
Uduza da bilərik, qazana da. Əsas odur ki, futbolumuz canlansın və inkişaf etsin. İnşallah, “Sabah” inamla yoluna davam edər və Çempionlar Liqasının əsas mərhələsinə yüksələr. Biz də mərhələni keçsək, iki Azərbaycan komandasının orada olması daha maraqlı olar. Avropada daha çox oyun keçirməyimiz hamımız üçün böyük təcrübədir. "Sabah" rəhbərliyinə təşəkkür edirəm ki, belə fikirlər söyləyiblər.
- “Sabah” və “Qarabağ” eyni vaxtda, cəmi 1-2 gün fərqlə ev oyunlarını keçirəcəklər. Stadionun yüklənməsi sizi narahat edir?
- Bu məsələ bu gün də məni narahat edir. Şükürlər olsun ki, meydançanı hələ bu vəziyyətdə saxlaya biliblər. Əvvəllər vəziyyət daha pis olurdu. Həm komandalarla, həm də stadion rəhbərliyi ilə bu məsələdə ortaq yol tapacağıq. Təki belə problemlərimiz olsun.
- “Qarabağ”ın Konfrans Liqasındakı şanslarını necə dəyərləndirirsiniz?
- Şanslarımız var. Bəzən istədiyim dəyişiklikləri heyətdə edə bilmirdim. Hər mövqe üçün oyunçu istəyirik - həm müdafiə, həm də hücum xəttinə. Maksimum 1 oyunçu transfer etmək istəyirik.