"Bu matça daha yaxşı hazırlaşmışıq"
"Evdəki qarşılaşmaya səfərdəkindən də yaxşı hazırlaşmışıq".
Sportline.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu İvan Lepinitsa "Orhus"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan əvvəl baş tutan mətbuat konfransında deyib.
Futbolçu ilk növbədə səfərdəki matçı dəyərləndirərək komandasının cavab qarşılaşmasına hazırlıq durumu barədə fikirlərini bölüşüb:
"İlk oyunda da həqiqətən çox yaxşı çıxış etdik və yaxşı futbol oynadıq. Rəqib cərimə meydançasının kənarında iki qol fürsəti yaratdı və onlardan birindən istifadə edərək fərqlənə bildilər. Düşünürəm ki, oyun ərzində əsas qol imkanları da bizdə oldu. Səfər oyununa çox yaxşı hazırlaşmışdıq. Hesab edirəm ki, evdəki qarşılaşmaya səfərdəkindən də daha yaxşı hazırlaşmışıq. Özümüzə və komandamıza çox inanırıq. İnanıram ki, sabah çox yaxşı oyun olacaq. Qarşılaşma 90 dəqiqə ərzində də, lazım gələrsə, əlavə vaxtda da davam edə bilər. Amma mən inanıram və ümid edirəm ki, sonda mərhələni keçən, qalib gələn tərəf biz olacağıq".
O, həmçinin meydanda keçirdiyi vaxt və komanda daxilindəki ab-hava barədə suala aydınlıq gətirib:
"Mənim üçün daha uzun müddət meydanda olmaq və oyuna daha erkən qoşulmaq daha yaxşı olardı. Amma heyətlə bağlı bütün qərarları baş məşqçimiz verir və mənim üçün bunun elə də fərqi yoxdur. Daha çox öz oyunuma və komandamızın ümumi çıxışına köklənirəm. Əgər futbolçular arasında yaxşı anlaşma və qarşılıqlı əlaqə varsa, bu da bizim üçün əlavə üstünlükdür və komandaya kömək edir".
Qeyd edək ki, “Sabah” - “Orhus” matçı avqustun 11-də, saat 20:00-da keçiriləcək. Komandalar arasında baş tutan ilk qarşılaşmada Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.