Ramil Quliyev karantini belə keçirir

"Koronavirus idmana çox təsir etdi. İyunadək yarışlar keçirilməyəcək. Mayda yeni yeni tarixlərin açıqlanmasını gözləyirik". 

Sportline.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin heyətində 200 metr məsafəyə qaçışda Avropa və dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyev "Anadolu" agentliyinə müsahibəsində deyib.

30 yaşlı idmançı 25 - 30 avqustda Fransanın paytaxtı Parisdə Avropa çempionatının keçiriləcəyini xatırladıb. O, hazırda çempionatla bağlı qərarı gözlədiyini və məşqlərini davam etdirdiyini bildirib. Quliyev, həmçinin yayın son ayında klub və liqa yarışlarının nəzərdə tutulduğunu vurğulayıb: "Hələlik bu yarışları ləğv etməyiblər".

Əslən azərbaycanlı atlet hazırda koronavirusa görə istədikləri kimi məşq edə bilmədiklərini sözlərinə əlavə edib: "Ümid edirəm ki, yaxın zamanda koronavirus bitər və bazalardan yararlanmağa başlayarıq. Biz əlimizdən gələni edir, imkan daxilində məşqləri evdə gerçəkləşdiririk. Mümkün olduğu qədər formada qalmağa çalışırıq. Çünki heç məşq etməsək, formamızı tez itirərik, yenidən əvvəlki vəziyyətə qayıtmaq uzun çəkər. Hazırda ailəmə daha çox vaxt ayıra bilirəm. Boş vaxtlarımda PlayStation oynayır, kitab oxuyur və seriallara baxıram". 

Atlet karyerasında unuda bilməyəcəyi andan da danışıb: "Bu, təbii ki, dünya çempionatıdır. Böyük Britaniyanın paytaxtı Londondakı yarışı yaxşı nəticə ilə yekunlaşdırmaq gözəl duyqudur. O hiss artıq heç vaxt silinməcəyək. İnanıram ki, daha yaxşısını edə bilərəm. Olimpiadada daha yaxşısını edəcəyimə inanıram".

Quliyev karyerasında 3 hədəfdən ikisinə çatdığını deyib. İdmançı olimpiadada da medal qazanmaq istədiyini vurğulayıb: “Bütün idmançılar olimpiadada medal qazanmaq istəyir. Hədəfim idman karyeramda 3 medal qazanmaqdır. Avropa, dünya çempionatı və Olimpiya Oyunları. İkisini əldə edə bildim, ən çətini olimpiada qalıb”.

Təcrübəli atlet Tokio Yay Olimpiya Oyunlarının təxirə salınmasında da münasibət bildirib: “Olimpiya Oyunları üçün yaxşı hazırlaşırdıq, amma virusa görə təxirə salındı. Həyatımızda belə şeylər ola bilər. Daha çox vaxt qazandıq. Ən böyük hədəfimiz olan olimpiada olduğu üçün növbəti ilə qədər daha ciddi hazırlaşa bilərik. Bəlkə məşqçimiz hazırlıq prosesində dəyişikliklər etdi”.

Quliyev son olaraq “Evdə qal” aksiyasına qoşulub: “Bu vaxtlar sadəcə özümüz üçün yox, hər kəs üçün önəmlidir. Hamını xilas etməyə çalışmalıyıq. Dünyanı xilas etmək üçün sadəcə evdə qalmalıyıq. Evdə qalsaq, bu pandemiya daha tez bitər”.

Qeyd edək ki, Ramil Quliyev dünya çempionluğunu 2017-ci ildə qazanıb. 2018-ci ildə isə o, Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.