"Rəqimiz çox texnikalı və hücumda təhlükəlidir" - "Şerif"in baş məşqçisi
"Sabah komandamız üçün çox vacib oyuna çıxacağıq. Rəqibimiz güclü, hərəkətli, topa sahib olan və meydanda üstünlük qurmağı bacaran komandadır". SportLine.az xəbər verir ki, bu sözləri "Şerif"in çalışdırıcısı - Roberto Bordin "Qarabağ"la oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
İlk oyunu yada salan mütəxəssis 0:0 hesabından razı qaldığını dilə gətirib: "Birinci matçda yaxşı nəticə qazanmağa çalışdıq. Demək istəyirəm ki, sabahkı oyun öncəsi 0:0 heç də pis nəticə deyil. İndi bizim xeyrimizə olan önəmli bir amil daha var – evdə, doğma azarkeşlər önündə çıxış edəcəyik. Ümid edirəm ki, onlar stadiona gələcəklər və bizə kömək edəcəklər".
"Qarabağ"ın hücumda təhlükəli olduğunu bildirən R.Bordin, "Həmişə hücum etmək düzgün deyil. Əgər biz “Kukesi” ilə hər iki oyuna nəzər salsaq, görərik ki, kifayət qədər qol vəziyyətləri yarada bilmişdik. Bakıda da bizim şanslarımız oldu. Oyunun əvvəllərində penalti oldu ki, hakim təyin etmədi. Ancaq istənilən halda müdafiəni unutmaq olmaz. Rəqimiz çox texnikalı və hücumda təhlükəlidir", - deyə qeyd edib.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Şerif" - "Qarabağ" matçının start fiti sabah, Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.