Rəşad Sadıqov üçün əlamətdar gün

16 iyun, Azərbaycan futbolunun ən parlaq simalarından sayılan Rəşad Sadıqovun doğum günüdür.

“Qarabağ”ın kapitanı, 1982-ci ildə, Bakı şəhərində dünyaya göz açıb. Peşəkar kayrerasına 2000-ci ildə, Tovuzun “Turan” komandasında başlayan Sadıqov, 19 yaşında əsas millidə debüt edib.

Karyerası ərzində, “Neftçi”, “Fulad” (İran), “Kayserispor”, “Kocaelispor” və “Eskişehirspor”da (Türkiyə) oynayan təcrübəli müdafiəçinin ən böyük uğurları “Qarabağ”la bağlıdır. O, "Qarabağ"la 5 dəfə Avropa Liqasının, 1 dəfə isə Çempionlar Liqasının qrupuna vəsiqə qazanıb. "Köhlən atlar"ın Avropadakı zəfər yürüşünün, məhz onun, "Rusenborq"un qapısına vurduğu mükəmməl zərbə ilə başladığını da vurğulamağa dəyər. Bu uğurlardakı müstəsna xidmətlərinə görə, Rəşadın “Qarabağ” azarkeşlərinin qəlbində daimi yer tutduğunu çəkinmədən söyləmək olar.

8 dəfə Azərbaycan çempionu (2 dəfə "Neftçi", 6 dəfə "Qarabağ"la), 4 dəfə Azərbaycan Kubokunun qalibi olan mərkəz müdafiəçisi,  (1 dəfə "Neftçi"ylə, 3 dəfə "Qarabağ"la), 1992-ci ildən bəri keçirilən milli çempionatımızda, oyun sayına görə "Top-10"da yer alır. Rəşad Sadıqov, həmçinin, 111 oyunla Azərbaycan milli komandasının rekordçusu, 100 oyun səddini keçən ilk və hələ ki yeganə futbolçusudur.

“Böyük kapitan”ı doğum günü münasibəti ilə təbrik edir, can sağlığı və yeni-yeni uğurlar arzulayırıq!