Rəşad Sadıqov ümumi qrupda məşqə başladı
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının son qrup oyununa hazırlaşır. Bu haqda Sportline.az-a futbolçunun özü məlumat verib: "Fiorentina" ilə oyunda iştirak etməyi çox istəyirəm. Bunun üçün müalicəni də təxirə saldım. Dünəndən toplu məşqlərə qatılıram. Amma, oyuna çıxıb-çıxmayacağımı dəqiq bilmirəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq". Xatırladaq ki, millinin Belfast səfəri ərəfəsində dizindəki zədəsi ağırlaşan kapitan Almaniyada müalicə olunmalı idi. Lakin, o, "Qarabağ"ın "Slovan"a məğlubiyyətindən sonra qrupda yaranan vəziyyət və heyətdəki itkilərə görə müalicəni təxirə salmaq qərarına gəlib. Səhhəti ilə bağlı riskə rəğmən Rəşad Sadıqov "Fiorentina" ilə məsul qarşılaşmada komandasını tək buraxmamaq niyyətindədir.