Rəsul Çunayev idman zalı açdı

Bu gün, Yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayevin yeni fitnes mərkəzinin açılışı olub. 

Sportline.az xəbər verir ki, "Go Fitness" mərkəzinin təntənəli açılışına məşhur idmançılar, idman ictimaiyyətinin nümayəndələri, həmçinin, tanınmış sənətçilər və media təmsilçiləri qatılıblar. 

Açılış mərasimində çıxış edən Rəsul Çunayev: “Bu fitnes zalında özüm də məşq edəcəyəm. İstəyərdim ki, gənclərimiz pis vərdişlərlə deyil, idmanla məşğul olsunlar. Bu işin ərsəyə gəlməsində yardımçı olan dostlara minnətdaram. Karyeramı bitirdikdən sonra, güləş mərkəzi də açmağı planlaşdırıram. Bu, mənim ən böyük arzularımdandır. Azərbaycanımız üçün güclü idmançılar yetişdirmək niyyətindəyəm” - deyib.

Qeyd edək ki, müasir avadanlıqlarla təchiz olunmuş və özünəməxsus tərtibatı ilə diqqət çəkən idman zalı, 
“Memar Əcəmi” metrostansiyası və “Yeganə” şadlıq sarayının yaxınlığında yerləşir.