Rövlan Muradov: "Oyunlardan ayrı qalmaq çox pisdir"

"Karantin rejimi uzadılıbsa, bəzi qaydalara riayət edib evdə qalmalıyıq. Hələ ki, ev şəraitində məşq etməliyik".

Sportline.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin futbolçusu Rövlan Muradov deyib. 

22 yaşlı yarımmüdafiəçi hazırkı durumun sıxıcı olduğunu bildirib. Muradov futbol üçün çox darıxdığını sözlərinə əlavə edib: "Artıq iki aydır ki, futbolsuz qalmışıq. Amma gözləməliyik, nə olursa olsun insanların sağlamlığı hər zaman ön plandadır".

Gənc oyunçu Azərbaycan Premyer Liqasının bərpasına ümid etdiyini vurğulayıb: "Çempionatın bərpa olunmasını istəyirəm. Çünki mövsümün bitməsinə bir dövrə qalıb, bizim də 4-cü yerlə aramızda 4 xal fərq var".

Yarımmüdafiəçi hazırkı vəziyyətin gənc futbolçulara da çox pis təsir etdiyini söyləyib: "Daha çox məşq etməliyik ki, artıraq. Amma komanda məşqlərindən və oyunlardan ayrı qalmaq çox pisdir. Hər gün qaçıram və güc məşqinə üstünlük verirəm ki, formada qalım. Amma meydanda məşq etmək tamam fərqlidir".

Muradov əsas hədəfinin Avropada legioner həyatı yaşamaq olduğunu deyib: "Avropaya getmək, orada möhkəmlənib, oynamaq istəyirəm. Təklif olarsa, mütləq dəyərləndirəcəyəm. Amma oynamadığım yerə getməyəcəyəm".

Qeyd edək ki, Rövlan Muradov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin formasını geyinib. O, 2018-ci ildə Çexiyanın "Slaviya" klubunun U-19 komandasında çıxış edib. 

Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. PFL daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayn 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.