Ruslan Abışovu qazanmaq üçün

Braziliyada keçirilən dünya çempionatı bir çox məqamlara görə yaddaqalan oldu. Həm mundialın ilk günlərində izlədiyimiz bolqollu qarşılaşmlar, həm də adı favoritlər sırasında çəkilməyən ölkələrin boyundan yuxarı tullanması diqqətləri cəlb etdi. Turlar irəlilədikcə Braziliyada baş verənlərlə maraqlananların, qarşılaşmaları həyacanla izləyənlər sayı da çoxaldı. Sonuncu dünya çempionatının ən qəribə olaylarından biri, heç şübhəsiz, D qrupunun İtaliya - Uruqvay qarşılaşmasında yaşananlar idi. 

Oyunun 80-ci dəqiqəsində diqqətlər cənubi amerikalıların forvardı Luis Suareslə italiyalı müdafiəçi Corco Kyellininin üzərinə cəmlədi. İkili mübarizədən sonra yerdə qalan bu iki futbolçudan Suares dişini, Kyellini isə çiynini tutaraq ah-vay edirdi. Nəyin baş verdiyi tezliklə aydın oldu. Dəlisov Suares asanlıqla keçə bilmədiyi rəqib müdafiəçinin çiyninə dişlərini batırmışdı. Buna qədər artıq bir dəfə oxşar hərəkətə yol verən Suares "Çelsi”li İvanoviçin qolunu dişlədiyinə görə 10 oyunluq cəzalanmışdı. FİFA da Suaresə münasibətdə rəhmli davranmadı. Futboldan 4 aylıq uzaqlaşdırılan uruqvaylı millisinin keçirəcəyi növbəti 9 oyunda da meydana çıxa bilməyəcəkdi. Həmin vaxt çoxları düşünürdü ki, bu rəzalətdən sonra Suares bir daha yaşıl meydanlara qayıtmaz. Qayıtsa belə, nə ölkəsinin millisində, nə də "Barselona”da ona sahib çıxan, özünü göstərmək üçün şans verən tapılar. Bütün bu psixoloji gərginliyin altında əzilən istedadlı hücumçu yavaş-yavaş gözdən itər, lap elə karyerasını da bitirər. Amma Suares dirçəlməyi, başını dik tutmağı bacardı. Bu işdə ona dəstək olan "Barselona” məşqçilərinin də əməyi danılmazdı. Beləcə dünya futbolu çox istedadlı və özünəməxsus oyun tərzi olan hücumçunu itirmədi. Əksinə, "Barselona” onu futbol dünyasına yenidən qazandırdı. Uruqvaylı forvard bu mövsüm "Barsa” formasıyla İspaniya çempionatında meydana çıxdığı 30 oyunda 26 qola imza atıb. Çempionlar Liqasında da işsiz qalmayan Luis 6 qolun müəllifidi. Uraqvay millisinin Braziliya ilə keçirdiyi qarşılaşma isə onun üçün xüsusi əlamətdar oldu. 48-ci dəqiqədə adını qol müəllifi kimi tabloya yazdıran hücumçu komandasını məğlubiyyətdən xilas etməklə Uruqvaya qızıldan qiymətli xal qazandırdı. Bir anlıq təsəvvür edək ki, İtaliya ilə oyundakı rəzalət onu mənən sındırardı və Suares bir daha meydana çıxmağa özündə güc tapmazdı. Yaxud da "Barselona” rəhbərliyi adına "vampir” deyilən hücumçunu heyətdən kənarlaşdırar, ona şans verməkdən imtina edərdi. Onda azarkeşlər belə bir hücumçunun oyununu izləmək həzzindən, vurduğu qollardan zövq almaq xoşbəxtliyindən də məhrum olardı. Çətin məqamda futbolçuya sahib çıxmaq, onun ayaqda durmasına kömək etmək hər bir futbol adamı, klub başbilənləri, çalışdırıcılar üçün vacib xüsusiyyətdi. 

Ruslan Abışovla Luis Suares arasında paralellər aparmağım sizə də qəribə görünə bilər. Bu iki futbolçunun meydandakı mövqeləri, dünyadakı məşhurluğu xeyli fərqlidi. Şükürlər olsun ki, həmyerlimiz indiyə qədər meydanda kiminsə nə çiynini, nə də qolunu dişləyib. Futbolçuya yaraşmayan hansısa hərəkətə yol verdiyinə görə ciddi cəzaya da məruz qalmayıb. Abışovla Suares arasındakı yeganə oxşar cəhət hər ikisinin çətin psixoloji dönəmdən keçməsi və dəstəyə ehtiyac duymasıdı. Azərbaycan futbolunun son illərdə yetişdirdiyi ən istedadlı gənclərdən olan Ruslanın karyerası bir-neçə il bundan əvvəl qəfil yükəliş mərhələsinə qədəm qoymuşdu. "Neftçi”də ulduzu parlayan istedadlı futbolçu millinin heyətində standart vəziyyətlərdən fərqlənməklə fiziki üstünlüklərindən əla istifadə bacarığını, qol duyumunu nümayuş etdirdi. Qısa müddət "Xəzər Lənkəran”ın formasını geydikdən sonra Rusiya "Rubin”inə yollandı. Uyğunlaşma prosesinin çətinliyi və burnundan əməliyyat olunması onun Kazanda əsas heyət üzvünə çevrilməsini bir müddət ləngitdi. Daha sonra "Rubin”də mürəkkəb proseslər başladı, əfsanəvi Kurban Berdıyev klubdan uzaqlaşdırıldı. Vətənə dönəndən sonra Ruslanın işləri əvvəlki kimi yolunda getmədi. Düzdü, "Qəbələ”də icarədə olduğu müddətdə elə də pis təsir bağışlamırdı. Amma yay fasiləsində uzun müddət hansı klubda oynayacağının dəqiqləşməməsi, "Xəzər Lənkəran”ın heyətində meydana çıxmasına məlum qadağanın əngəl olması Ruslanı xeyli geri saldı. Bir müddət də belindəki zədə meydanda tam gücüylə oynamasına imkan vermədi. İstənilən futbolçu üçün belə şansızlıqların üst-üstə yaşanması əlavə psixoloji gərginlik yaradır, onu formadan salır. Millidəki yerini itirdiyini hiss etməsi isə ona daha ağır gəlir. 

Təsadüfi deyil ki, Qazaxıstanla oyundan sonra verdiyi açıqlamada bunu gizlətməyib. Belə məqamlarda futbolçunun dəstəyə daha çox ehtiyacı olur. Prosineçki həmin anlayışı sərgiləyib, ona millinin heyətində daha çox oynamaq imkanı yarada bilərdi. Təəssüf ki, belə olmadı. Ruslanı Azərbaycan futboluna yenidən qazandırmaq üçün hər birimiz məsuliyyət daşıyırıq. Və ən əsası, çətin məqamlarda "Qəbələ”nin futbolçularına sahib çıxan Roman Qriqorçuk ona etimad göstərməli, dəstək olmalıdı. Belə olsa, tezliklə əvvəlki Ruslan Abışovu izləyə bilərik.

Mənbə: "Futbol+"

Banner