Ruslan Musayev güclü kikboksçunu nokaut etdi
Kikboksinq üzrə milli komandanın üzvü Ruslan Musayev Özbəkistanda keçirilən peşəkar döyüşdə etimadı doğruldub.
Bu haqda Sportline.az-a seçmə komandanın baş məşqçisi Hikmət Hacıyev məlumat verib.
O bildirib ki, Musayev Özbəkistanın Daşkənd şəhərində 68 kq çəki dərəcəsində WAKO-PRO üzrə peşəkar döyüşdə iştirak edib.
WAKO dünya kubokunun sahibi, dəfələrlə WAKO dünya və Avropa çempionatlarının mükafatçısı olan DİN İC-nin yetirməsi Ruslan Musayev qazaxıstanlı rəqibinə imkan verməyib və ilk raundun 2-ci dəqiqəsində onu nokaut edib. Çətinlik çəkmədən qazanılan qələbə yarışın keçirildiyi arenada böyük marağa səbəb olub. Musayevi döyüşə şəxsi məşqçilər lowkick üzrə millinin böyük məşqçisi, əməkdar məşqçi Hikmət Hacıyev və Elnur Həmidov çıxarıb.
Hikmət Hacıyev federasiyanın fəxri prezidenti Adil Əliyev, prezident Orxan Əliyev və baş məşqçi Elşən Abdulrəhimova təşəkkürünü bildirib.