Sabah çempionat start götürür

Sabah, Cənubi Koreyada yeni futbol mövsümünə start veriləcək.
 
Matc.az xəbər verir ki, uzaq şərq ölkəsində K Liqanın yeni mövsümünə əslində fevralın 29-da start verilməli idi. Lakin məhz koronavirus pandemiyasına görə mövsümün startı təxirə salınmışdı. Sabah isə Cənubi Koreyada yeni mövsümün açılış oyunu - “Jeonbuk” - “Suwon Bluewings” matçı baş tutacaq. Azarkeşsiz keçiriləcək oyun K Liqanın sosial şəbəkə hesablarından canlı yayımlanacaq. İlk turun qalan oyunları isə mayın 9-10-da keçiriləcək.
 
Futbol dünyasının da diqqəti tədricən Cənubi Koreyaya yönəlməkdədi. Belə ki, K Liqanın yayım hüququ artıq 10 ölkəyə satılıb. Federasiyadan verilən açıqlamaya görə, hazırda Almaniya, Fransa və ABŞ telekanalları da yayım hüququnu almaq üçün onlarla danışıqları davam etdirirlər.
 
Qeyd edək ki, Cənubi Koreyanın yüksək liqasında mübarizə aparan 12 klubda mütəmadi aparılan koronavirus testləri nəticəsində heç bir yoluxma halı qeydə alınmayıb. Ümumilikdə isə, bu ölkədə 10 mindən çox insan virusa yoluxub, azı 255 adam dünyasını dəyişib.