“Sabah"ın rusiyalı baş məşqçisinin futbolçu karyerası uğurlarla zəngindir

“Sabah” klubunun ötən gün xorvatiyalı mütəxəssis Krunoslav Renduliçlə yolları ayıraraq baş məşqçi postuna gətirdiyi Rusiya millisinin sabiq üzvü Vasili Berezutskinin futbolçu karyerası uğurlarla zəngindir.

Sportline.az xəbər verir ki, qardaşı Aleksey Berezutski də futbolçu olmuş 42 yaşlı sabiq mərkəz müdafiəçisi karyerası ərzində bir sıra uğurlar qazanıb.

Klub karyerası

V.Berezutski Moskvada yerləşən “Smena” futbol məktəbinin yetirməsidir. 1999-cu ildə 17 yaşında "Torpedo-ZiL" klubunda peşəkar karyerasına başlayan keçmiş müdafiəçi 2001-ci ildə Moskva ÇSKA-sına keçib. O, 2002-ci ildə “Krılya Sovetov”a qarşı çempionat matçında debüt edib. Ümumiyyətlə, Berezutski karyerasının böyük hissəsini məhz Moskva klubunda keçirib. 10 ildən çox ÇSKA-da oynamış futbolçu, demək olar ki, bütün uğurlarını bu kluba borcludur.

O, "hərbçilər"in heyətində altıqat (2003, 2005, 2006, 2012/2013, 2013/2014, 2015/2016) ölkə çempionu, 7 dəfə (2002, 2004, 2008, 2010, 2014/2015, 2016/2017, 2017/2018) Rusiya Premyer Liqasının gümüş medalçısı olub. 2 dəfə (2007, 2011/2012) isə bürünc medal qazanıb.

Rusiya millisinin sabiq üzvü 7 dəfə (2001/2002, 2004/2005, 2005/2006, 2007/2008, 2008/2009, 2010/2011, 2012/2013) ölkə kubokunun qalibi olub. Rusiya Superkubokunu 6 dəfə (2004, 2006, 2007, 2009, 2013, 2014) başı üzərinə qaldıran Berezutski beynəlxalq arenalarda klub səviyyəsində də uğur qazanıb. Onun komandası 2004/2005 mövsümündə UEFA Kubokunun qalibi olub.

O, klub karyerası ərzində keçirdiyi 404 oyunda 9 qol vurub.

Yığma karyerası

2003-2016-cı illərdə Rusiya millisinin formasını geyinən V.Berezutski bu müddət ərzində 101 oyun keçirib və 5 qolla yadda qalıb. Ölkəsinin əsas komandasının heyətində 2008-ci ildə Avstriya və İsveçrədə təşkil olunan Avropa çempionatının bürünc medalçısı olması Berezutskinin milli səviyyəsindəki yeganə uğurudur. O, 2018-ci ildə futbolçu karyerasını başa vurub.

Məşqçilik karyerası

Yaşıl meydanlarda çıxışını dayandırdıqdan sonra Berezutski əkiz qardaşı Alekseylə birlikdə Niderlandın "Vitess" klubunun məşqçilər korpusuna dəvət edilib. 2020-ci ildə Berezutski qardaşları Moskva təmsilçisinə qayıdaraq baş direktorun müavini təyin olunublar. Daha sonra klubun məşqçilər korpusuna daxil ediliblər.

Fasilələrlə (2020-2022) ÇSKA-da köməkçi məşqçi kimi çalışmış Vasili bir müddət “Krasnodar”da (2021) da fəaliyyət göstərib. Son olaraq bu ilin yanvarında Çinin “Şanxay Şenxua” klubuna dəvət alıb.

İki övlad atası olan rusiyalı mütəxəssis ötən gün “Sabah”la 2,5 illik müavilə imzalayıb.