Samir Abasov "Makkabi" haqqında nələr dedi?
"Sabahkı oyunun çətinliyindən və gərginliyindən danışmaq artıqdır. Avrokuboklarda yolumuza davam etmək üçün bu, axırıncı şansdır. Əlimizdən gələn hər şeydən istifadə edib, bacarığımızı meydanda qoymaq istəyirik".
Sportline.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov İsrailin "Makkabi" (Hayfa) klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis Hayfa təmsilçisinin çox çətin rəqib olduğunu bildirib: "Əvvəlki rəqiblərimizə nisbətən "Makkabi" daha çətindir. Heyətdə təhlükəli oyunçular çoxdur. Biz bunu hazırıq. İnanıram ki, əlimizdən gələni edəcəyik".
Abasov bəzi məqamların onları narahat etdiyini sözlərinə əlavə edib: "Bəzi oyunçuların səhhətində problem var. Bu səbəbdən proqramdan kənara çıxdıq. Məşq etməli olan futbolçulara istirahət verdik. Oyuna nə qədər hazır olacaqlarını bilmirəm. Sabir Buqrin və Meza Kolli sabah meydanda olacaq. Hər şeyi oyunda görəcəyik. Huqo Basto koronavirusdan yeni sağalıb, məşqlərə qoşulub, tam hazır deyil. Ehtiyat oyunçular skamyasında yer ala bilər. Çox güman ki, oynamayacaq".
Qeyd edək ki, avqustun 19-da "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Makkabi" (Hayfa) görüşü saat 21:00-da başlayacaq.