Samir Əbdürrəhmanov: "Gələcəkdə Mahir Emreli kimi çox futbolçumuz olacaq"

Sözsüz ki, ölkə futbolunun gələcəyi üçün əsas amillərdən biri də uşaq futbolunun inkişafıdır. “Sabah”ın U-14 komandasının baş məşqçisi Samir Əbdürrəhmanov Sportline.az saytına müsahibəsində uşaq futbolçuların hazırkı durumunu dəyərləndirib.

  • “Sabah”ın U-14 komandasının çıxışını baş məşqçi kimi necə dəyərləndirirsən?
  • “Sabah”ın U-14 komandasında vəziyyəti qənaətbəxş saymaq olar. Pandemiya qaydalarının yumşaldılması bütün komanda üzvlərinin bir araya toplanması baxımından yaxşı oldu. Məşqlərimizi tam olaraq bərpa edə bildik. Yoldaşlıq görüşlərində də yeni uşaqları sınaqdan keçirməyə çalışırıq. Maksimum dərəcədə bu fürsətdən istifadə edirik.

 

  • Sərt karantin qaydalarının yumşaldılması sizin işinizə necə təsir göstərir?
  • Pandemiyanın təsirləri futbolumuzdan da yan keçmədi. Bu il ümumiyyətlə uşaq futbol liqaları keçirilmədi. “Sabah” futbol klubu olaraq pandemiya dövründə də ev şəraitində məşqlərimiz davam edirdi. Amma təbii ki, ev şəraiti və meydança tamamilə fərqlidir. Məşqçi olaraq istədiyimi ev şəraitində ala bilmirdim.

 

  • Pandemiya dövründə komandanın üzvləri hazırlıq prosesini ne keçirdi?
  • Akademiyamızda böyük işlər görülür. Rəhbərlik tərəfdən də bu sahəyə böyük diqqət ayrılır. Bütün yaş qruplarında istedadlı futbolçular yetişir.

 

  • “Sabah” klubu aşağı yaş qrupunda çıxış edən futbolçularla işləyirsiniz. Bu uşaqlar Azərbaycan futbolunun gələcəyi sayıla bilərmi?
  • Mümkündür. “Sabah”ın Xorvatiyanın Zaqreb klubu ilə əməkdaşlığı var. Pandemiya olmasa idi, bizim aşağı yaş qruplarında olan uşaqlar Zaqrebin futbol akademiyasında təlim keçmək üçün ora yollanacaqdılar və eyni zamanda xorvatiyalı uşaqlar da ölkəmizə gələcəkdilər. Bu da bizim akademiyanın Avropaya yolunu açmış olacaqdı. Düşünürəm ki, gələcəkdə Mahir Emreli kimi çox futbolçumuz olacaq. Mən buna əminəm.

 

  • Komandanın inkişafı üçün müəyyən yoxlama görüşləri nəzərdə tutulubmu?
  • Komandamız yoxlama oyunlarında da gücünü sınayır. Bu günə qədər 3 yoxlama oyunu keçirmişik: “Neftçi”, “Sumqayıt” və “Qarabağ”a qarşı. Əsas məqsədimiz pandemiyadan sonra uşaqların fiziki və texniki hazırlığını görməkdir. Yeni uşaqlar da sıramıza qatılıb. Onların hazırlığı da bizim üçün vacibdir. Hər bir uşağa şans veririk ki, onların istedadını yaxından görək.

 

  • Komandanın rəhbərliyi tərəfindən uşaqların çıxışlarına mütəmadi olaraq baxış keçirilirmi?
  • Rəhbərliyimiz məşqlərdə iştirak edir, uşaqlarla görüşlər təşkil olunur. Məşqçilərin peşəkarlıq səviyyəsi də daim artırılır. Xüsusi olaraq bizim üçün ingilis dili kursları keçirilir. Rəhbərliyin diqqət və qayğısını hər zaman hiss etmişik.

 

  • Sonda yeniyetmə və uşaq futbolçulara tövsiyələriniz nələrdir?
  • Uşaqlara əsas tövsiyəm odur ki, heç vaxt ruhdan düşməsinlər, istəkli olsunlar. Hər bir azyaşlı futbolçumuza uğurlar arzulayıram və inanıram ki, onlar gələcəkdə bayrağımızı Avropada və dünyada yüksəklərə qaldıracaqlar.