"Səhvlər bir-birini təkrarladı" - Joze Alesio

“Oyuna yaxşı başladıq. Hətta erkən qol vurduq. Ancaq sonra ardıcıl 2 səhvə yol verdik və rəqib hər iki epizoddan düzgün istifadə etdi. Bundan sonra səhvlər bir-birini təkrarladı”. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio da Silva deyib.

Sloveniyada keçirilən Avropa çempionatının ¼ final mərhələsində Portuqaliya ilə qarşılaşan millimiz 1:8 hesabı ilə uduzaraq, qitə birinciliyi ilə vidalaşıb.

Matç haqda danışan yığmamızın çalışdırıcısı bunları deyib: “Xüsusilə də, oyunun birinci hissəsində səhvlərin qarşısını ala bilmədik. Müdafiə xəttimiz çox zəif çıxış etdi. Ola bilsin, buna İspaniya ilə matçda çox güc sərf etməyimiz və yorğun olmağımız da təsir etdi. Çünki hazırlaşmaq üçün çox az vaxtımız var idi. Portuqaliya millisinin təbrik edirəm, onlar, həqiqətən də, yaxşı oynadılar”.