Şahmatçılarımız reytinq cədvəlində irəlilədilər
Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabr ayı üçün reytinq siyahısını açıqlayıb.
Sportline.az qurumun saytına istinadən xəbər verir ki, kişilərin reytinqində Azərbaycan şahmatçılarından 4-ü "100-lüy"ə düşüb. 2 pillə irəliləyən Şəhriyar Məmmədyarov 2777 xalla 5-ci yerdədir. Ötən ay Dünya Kubokunun qalibi olmuş Teymur Rəcəbov isə 6 pillə irəliləyib. O, 2767 xalla 9-cudur.
Qədir Hüseynov isə 3 pillə irəliləyib və 2660 xalla 83-cüdür. "Top-100"ə yeni daxil olan Nicat Abbasov 2655 xalla 93-cü yerdədir.
Qadınlardan da 4 şahmatçı "100-lük"də yer alıb. Reytinqdə ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. O, 2427 xalla 38-ci sıradadır. Gülnar Məmmədova (2369) 97-ci, Xanım Balacayevə (2368) 98-ci, Ülviyyə Fətəliyeva (2368) 99-cu pillədədir.