"Şansımızı itirməmişik" - Joze Alesio
"Qrupun favoritinə qarşı mübarizə apardıq. Meydana 9 legionerlə çıxmışdılar. Yaxşı oynadığımızı qeyd edə bilərəm. Sona qədər oyun intizamını qoruduq, hücumda da müəyyən üstünlük qazandıq. Təəssüf ki, yaratdığımız epizodları realizə edə bilmədik. Əvəzində bir səhv buraxdıq və rəqib qol vurdu. Halbuki birinci hissədəki üstünlüyümüzü ikinci hissədə də inkişaf etdirməli idik".
SportLine.az-ın Azərbaycan Futzal Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Araz"ın baş məşqçisi Joze Alesio Da Silva Çempionlar Liqasının əsas mərhələsi Litva çempionu "Vytis”ə uduzduqları oyundan (0:1) sonra deyib.
"Bu məğlubiyyətlə şansımızı itirməmişik. Uşaqlara da dedim ki, bu oyunu unudun, sabahkı matça hazırlaşın. Ötən il biz ilk 2 oyunda qələbə qazananda əksər oyunçumuz mərhələni adladığımızı düşünürdü. Ancaq son görüş hər şeyi dəyişdi. Bu dəfə də hər şey son turda məlum olacaq” - deyə o bildirib.