Şəhriyar Məmmədyarov: "Qələbə istəyirsənsə, vaxtında heç-heçə etməyi bacarmalısan"

"İlk partiyada qələbə qazandıqdan sonra ikinci görüşdə ağ fiqurlarla sürətli heç-heçə etdim. Strateji baxımdan bu nəticə son dərəcə vacib idi".

Sportline.az xəbər verir ki, bu fikirləri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində 3-cü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Levon Aronyana qalib gəlməsi barədə danışarkən deyib.

36 yaşlı qrossmeyster bildirib ki, ilk qarşılaşma heç də sonrakılardan asan keçməyib: "Kifayət qədər həyəcanlı alındı. Qara fiqurlarla qələbədən sonra, nə qədər çətin olsa da, "ağ"larla heç-heçə etməyə çalışdım. Düzdür, ağ fiqurlarla oynayanda qalib gəlməyə can atırsan. Amma matçı qazanmaq istəyirsənsə, vaxtında heç-heçə etməyi bacarmalısan. Aronyanla qarşılaşma çox maraqlı keçdi".

Çempionlar Turundakı çıxışını dəyərləndirən Məmmədyarov onlayn şahmatın özü üçün qəribə olduğunu söyləyib: "Son bir neçə gündə turnirdə 19-a yaxın oyun keçirmişəm. Bu, mənim üçün onlayn şahmatda rekorddur. Qısa müddətdə bu qədər sürətli görüş oynamamışam. Lakin rapid üzrə dünya çempionluğunu qazanmağım kifayət qədər yaxşı oynadığımı göstərir (gülür)".