Şikar Bədəlov döyüşün ilk dəqiqəsində nokautla qalib gəldi

Peşəkar döyüşlərin qalibi, dünya kuboku mükafatçısı kikboksçumuz Şikar Bədəlov növbəti döyüşünə çıxıb.

Sportline.az xəbər verir ki, idmançımız bu dəfə Türkiyənin Konya şəhərində kəmər döyüşünə çıxıb.

İranlı İbrahim Xezai ilə qarşılaşan Bədəlov elə ilk raundun ilk dəqiqəsində rəqibini nokautla məğlub edib.

Bu barədə saytımıza danışan kikboksçu fikirlərini bölüşüb: "44 günlük müharibədən sonra, sanki xüsusi motivasiya ilə çıxıram döyüşlərə. Qalib xalqın idmançısına da yalnız qələbə yaraşır. Döyüşə gəlincə, rahat alındı. İlk saniyələrdə qazandığım üstünlüyü elə ilk dəqiqədə nokauta çevirdim. Artıq kəməri rəqibimdən aldım. Daha bir döyüşə çıxıb kəməri müdafiə edəcəyəm. Bu uğurumda ən böyük pay sahiblərindən biri də məşqçim Hikmət Hacıyevdir. Ona təşəkkür edirəm".

Kikboks millimizin böyük məşqçisi, əməkdar məşqçi Hikmət Hacıyev isə saytımıza açıqlamasında bu uğurun təsadüfi olmadığını vurğuladı: "Bu qələbə təsadüf deyil. Çəkilən əziyyətin bəhrəsidir. Şikarla fəxr edirəm. Əzmlə məşq edib, istəyinə nail oldu. Ümid edirəm ki, kəməri müdafiə döyüşündə də qələbə qazanacaq".