Şikar Bədəlov: "Qalib gəlib kəməri ondan alacağam"
Beynəlxalq arenalarda bayrağımızı dalğalandıran kikboksçumuz Şikar Bədəlov daha bir ciddi sınaq qarşısındadır.
Sportline.az saytına danışan idmançımızın Türkiyənin Konya şəhərində keçiriləcək kəmər döyüşü ilə bağlı fikirlərini təqdim edirik.
- Döyüşə hazırlıq necə gedir?
- 1 aydır ki, daha intensiv məşq edirik. Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətindən Hikmət Hacıyevin rəhbərliyi altında hazırlıq prosesi keçirəm. İyunun 29-da Türkiyədə kəmər uğrunda döyüş olacaq. Ümid edirəm ki, qalib mən olacağam.
- Rəqibini necə dəyərləndirirsən? Yəqin ki, döyüşlərini izləmisən...
- Xeyr. Ümumiyyətlə, məndə bir xasiyyət var ki, heç vaxt rəqibimin döyüşlərini izləmirəm. Dueli öz döyüş stilim üzərində qururam, rəqibin deyil. Əvvəlcədən rəqibin döyüşlərinə baxanda öz döyüş stilin pozulur. Rəqibim iranlı İbrahim Xezaidir. Qeyd edim ki, kəmər ondadır. Qalib gəlib kəməri ondan alacağam və sonra da kəmərimi müdafiə edəcəyəm.
- Pandemiya sənə necə təsir göstərdi?
- Pandemiya vaxtı ancaq açıq havada məşq edirdim. Zalın effektini vermirdi. Çəki salmaq barədə çox əziyyət çəkirəm hazırda. Əvvəllər tez-tez döyüşürdük deyə normal çəkidə qalırdıq. Amma yarışlar keçirilmədi deyə çəki problemi yarandı. Təxminən 6 kq çəki salmışam, yarışa qədər də 2 kq salmalıyam. Zalda özümü daha rahat hiss edirəm.
- Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti və Azərbaycan Kikboksinq Federasiyası bu müddət ərzində sənə necə dəstək olub?
- Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətini döyüşlərdə təmsil edirəm. Həmçinin Kikboksinq Federasiyası mənim ailəmdir. Onların da mənə böyük dəstəyi olub.
- Bunadək ən yaddaqalan və çətin döyüşün hansı olub?
- Ən çətini 2018-ci ildə olub. Almaniyalı döyüşçü ilə duelə çıxmışdım. Ayağımdan zədə almağıma baxmayaraq heç-heçə yekunlaşmışdı. O döyüşü heç vaxt unutmuram.
- Kikboksinq eyni zamanda təhlükəli idman növüdür. Bu növə yeni başlayanlara nə demək istəyirsən?
- Mən tövsiyə edirəm ki, bütün uşaqlar idmanla məşğul olsunlar. Ümumiyyətlə, müəllimdən də çox şey aslıdır. Kikboksinq təhlükəli olsa da, çox cəsarətli və maraqlı idman növüdür. Kikboks yarışı keçirilən zallar həmişə dolu olur. Hamını idmana səsləyirəm. Onları narkomaniya və cinayətkarlıqdan uzaq durmağa çağırıram. Vaxtlarını səmərəli keçirsinlər.